Fatma Varank: İqlim böhranı sərhəd tanımırsa, bizim də sərhədləri aşan iradə nümayiş etdirməyimiz lazımdır
Bakıda keçirilən 4-cü İqlim Fəaliyyəti Həftəsinin İcra Forumunda çıxış edən Türkiyənin sənaye və texnologiya siyasəti üzrə rəsmisi Fatma Varank iqlim dəyişmələrinin yaratdığı qlobal çağırışların birgə səylərlə həll edilməsinin vacibliyini vurğulayıb.
Operativ Media xəbər verir ki, o, tədbirin təşkilində əməyi olan Azərbaycan hökumətinə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü bildirib.
Fatma Varank qeyd edib ki, iqlim böhranı dövlət sərhədləri ilə məhdudlaşmır.
“Sel suları sərhəd tanımır, quraqlıq pasport soruşmur. Böhran sərhədləri aşırsa, bizim də sərhədləri aşan iradə nümayiş etdirməyimiz lazımdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, iqlim ədaləti bundan sonra da əsas istiqamətlərdən biri olacaq. Varank COP31 çərçivəsində həssas regionların mövqeyinin müdafiə ediləcəyini vurğulayıb.
Türkiyəli rəsmisi bildirib ki, iyul ayında COP31 gündəliyindəki məsələlərin müzakirəsi və danışıqlar qrupları arasında etimadın gücləndirilməsi məqsədilə tərəflər Şamaxıda bir araya gəliblər. Onun sözlərinə görə, hazırda isə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində tərəflərin əldə olunan razılaşmaların icrasına keçid üzrə birgə səyləri daha da gücləndirilir.
Fatma Varank COP29 sədrliyinin fəaliyyətini də yüksək qiymətləndirib. O qeyd edib ki, Bakı Maliyyə Hədəfi ətrafında konsensusun formalaşdırılması, “Bakıdan Belémə yol xəritəsi”nin irəlilədilməsi və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarları ilə bağlı qaydaların yekunlaşdırılması iqlim diplomatiyasına mühüm töhfələr verib.
“Bu nailiyyətlər Antalyada həyata keçirəcəyimiz işlər üçün güclü təməl yaradacaq”, - deyə Varank bildirib.
dəqiqələr içində saytın olsun.