Devid Hiqqins: COP31 üçün Türkiyə ilə güclü tərəfdaşlıq yaratmışıq
COP31-in icraçı direktorunun müavini və danışıqlar prosesinin sədri Devid Hiqqins Türkiyə ilə əməkdaşlığın etimad, əməkdaşlıq və dostluq üzərində qurulduğunu bildirib. O, bu tərəfdaşlığın Antalyada keçiriləcək COP31 üçün möhkəm təməl formalaşdıracağını vurğulayıb.
Operativ Media xəbər verir ki, Devid Hiqqins bu barədə sentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.
Onun sözlərinə görə, il ərzində türkiyəli həmkarları ilə çox sıx əməkdaşlıq edilib və etimad, əməkdaşlıq və dostluq üzərində qurulan güclü və səmərəli tərəfdaşlıq yaradılıb.
Hiqqins qeyd edib ki, bu dəyərlər cəmi iki ay sonra Antalyada keçiriləcək COP31 üçün möhkəm təməl formalaşdıracaq.
O bildirib ki, builki COP geosiyasi gərginlik, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar və qlobal qeyri-müəyyənlik fonunda keçirilir.
“Çoxtərəflilik uzun müddətdir belə ciddi sınaqla üzləşməyib. Aydındır ki, beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb”, - deyə Hiqqins vurğulayıb.
COP31-in danışıqlar üzrə prezidenti Aralıq dənizindən Sakit okeana qədər uzanan unikal COP31 tərəfdaşlığının insanları bir araya gətirmək üçün misilsiz imkan yaratdığını bildirib.
Onun sözlərinə görə, tərəfdaşlıq on il əvvəl Parisdə kollektiv şəkildə razılaşdırılmış yol üzrə irəliləməyə imkan verəcək.
Hiqqins COP31 danışıqlarının prezidenti kimi şəffaf, inklüziv və əməkdaşlığa əsaslanan sədrliyin təmin ediləcəyini qeyd edib.
“Biz sizi dinləyəcək, təcrübənizi nəzərə alacaq və praktiki nəticələr əldə etmək üçün bir-birimizi konstruktiv şəkildə sınağa çəkəcəyik”, - deyə o bildirib.
Hiqqins COP31-in “icra COP-u” olacağını da diqqətə çatdırıb. O bildirib ki, əsas məqsəd artıq qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək, insanlar üçün konkret faydalar yaratmaq və xüsusilə iqlim dəyişikliyinin ön cəbhəsində olanlara diqqət yetirməkdir.
O əlavə edib ki, COP sədrliyi olaraq Türkiyə ilə sıx əməkdaşlıq edilir və həqiqətən qlobal enerji keçidini dəstəkləyən prioritetlər ətrafında dünyanı bir araya gətirməyə çalışılır.
dəqiqələr içində saytın olsun.