Mopedlə avtoxuliqanlıq edənləri ağır cəza gözləyir – 4 min manatadək cərimə və həbs
Azərbaycanda avtoxuliqanlıq edən sürücülər 4 min manatadək cərimə oluna və 2 ayadək inzibati həbs edilə bilər.
Operativ Media xəbər verir ki, avtoxuliqanlıq mexaniki nəqliyyat vasitəsi və ya mopedin sürücüsünün ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının davamlı şəkildə pozulması ilə müşayiət olunan qərəzli hərəkətləri hesab edilir.
İki və ya daha çox nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının keçirilməsi, nəqliyyat vasitəsinin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə edilməsi, eləcə də nəqliyyat vasitəsini qəflətən sürətləndirərək davamlı şəkildə təkərlərin yol səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolda çoxsaylı təkər izlərinin buraxılması avtoxuliqanlıq kimi qiymətləndirilir.
Bu əməllərə görə sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək cərimə tətbiq edilə bilər.
İşin hallarından və pozuntunu törədən şəxsin şəxsiyyətindən asılı olaraq, cərimə əvəzinə 15 gündən 1 ayadək inzibati həbs də tətbiq oluna bilər.
Avtoxuliqanlığın inzibati tənbeh almış şəxs tərəfindən qərarın qüvvəyə mindiyi gündən etibarən 1 il ərzində təkrar törədilməsi halında cəza daha da ağırlaşır. Belə halda sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1 000 manatadək cərimə tətbiq edilir və ya 1 aydan 2 ayadək inzibati həbs nəzərdə tutulur.
Əgər avtoxuliqanlıq yolda müəyyən edilmiş hərəkət sürəti həddinin 60 km/saatdan artıq aşılması ilə törədilərsə, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 000 manatdan 4 000 manatadək cərimə tətbiq edilə bilər.
Bu halda da cərimə əvəzinə, işin hallarından və pozuntunu törədən şəxsin şəxsiyyətindən asılı olaraq 1 aydan 2 ayadək inzibati həbs tətbiq oluna bilər.
Qanunvericilikdə mühüm istisna da nəzərdə tutulub. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sərt tormozlama nəticəsində sürtünmə səslərinin yaranması və ya təkər izlərinin buraxılması avtoxuliqanlıq hesab edilmir.
dəqiqələr içində saytın olsun.