Pərviz Şahbazov: Zəngəzur dəhlizi Azərbaycanın enerji mövqeyini gücləndirəcək
“Zəngəzur dəhlizi vasitəsilə enerji sahəsində fəaliyyət göstərən ölkələri birləşdirən daha bir strateji istiqamət formalaşır. Artıq bu layihənin həyata keçirilməsi sahəsində əməkdaşlıq imkanları genişlənir”.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi enerji nəqliyyatı və enerji təhlükəsizliyinin təmin olunması baxımından Azərbaycanın mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək.
O qeyd edib ki, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısı bu baxımdan xüsusi geostrateji əhəmiyyət daşıyır. İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 QVt elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur. Hazırda optimal bağlantı və maliyyələşdirmə modeli üzrə müzakirələr davam edir və birgə səylərlə bu strateji layihənin reallaşdırılmasını sürətləndirməyi vacib hesab edirik.
Nazir vurğulayıb ki, Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə ölkəmizin vahid elektrik enerjisi sisteminə qoşulması layihənin daha geniş regional perspektivini formalaşdırır. Bu istiqamətdə Cəbrayılda zəruri enerji infrastrukturu yaradılıb, 1000 MVt ötürmə qabiliyyətinə malik 330 kV-luq Cəbrayıl-Ağbənd yüksəkgərginlikli elektrik ötürmə xəttinin tikintisi isə yekunlaşmaq üzrədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə elektrik bağlantısının yaradılması nəzərdə tutulur. Beləliklə, söhbət yalnız Azərbaycan və Türkiyə arasında yeni elektrik xəttindən getmir. Zəngəzur dəhlizi vasitəsilə bu layihə Xəzərin hər iki sahilində yerləşən türk dövlətlərinin enerji sistemlərini birləşdirərək Mərkəzi Asiya-Azərbaycan-Türkiyə enerji körpüsünə çevriləcəkdir.
dəqiqələr içində saytın olsun.