Elçin Mirzəbəyli: Azərbaycanda media və jurnalistikada peşəkar məzmunun sıradan çıxması müşahidə olunur
Azərbaycanda media və jurnalistikada peşəkar məzmunun sıradan çıxması müşahidə olunur və süni intellekt də bu prosesə təsir edən amillərdən biridir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, “Media haqqında” qanunun və əlaqəli qanunların müzakirəsi zamanı jurnalistika ilə bağlı çıxışlar olub və həmin vaxt Milli Məclisin rəhbərliyi tərəfindən bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi barədə fikir səsləndirilib.
E.Mirzəbəyli bildirib ki, hazırda media nümayəndələrini ən çox narahat edən məsələlərdən biri peşəkar məzmunun sıradan çıxmasıdır. Onun sözlərinə görə, bu prosesdə süni intellekt amili də özünü göstərir.
“Forma dəyişir, amma təəssüf olsun ki, məzmun da dəyişir, xəbər bolluğu artır və xəbər bolluğunun içərisində fikir qısırlığı yaranır”, – deputat deyib.
O qeyd edib ki, media və jurnalistika artıq fikir istehsal etmir, mövcud fikirlərin ardınca gedir.
“Artıq media, jurnalistika fikir istehsal eləmir, artıq istehsal olunmuş fikirlərin arxasınca düşərək sürünür”, – E.Mirzəbəyli bildirib.
Deputat hesab edir ki, bu məsələnin də gündəmə gətirilməsi zəruri amillərdən biridir.
dəqiqələr içində saytın olsun.