Venesuela prezidenti BMT Baş Assambleyasına qatılacaq
Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delisi Rodriges gələn həftə başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli tədbirlərində iştirak etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, Bloomberg bu barədə məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Rodriges səkkiz ildən sonra BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində şəxsən iştirak edəcək ilk Venesuela rəhbəri ola bilər. Bloomberg-in məlumatına görə, mümkün səfər Karakasla ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında münasibətlərin sürətlə normallaşması istiqamətində mühüm addım hesab edilə bilər.
ABŞ Maliyyə Nazirliyi 2026-cı ilin aprelində Rodrigesə qarşı sanksiyaları aradan qaldırıb. Bununla da onun ABŞ-yə mümkün səfəri qarşısındakı maneələrdən biri aradan qalxıb.
Rodrigesin Nyu-Yorka səfəri onun 2026-cı ilin yanvarından ABŞ hakimiyyətinin həbsdə saxladığı Venesuela Prezidenti Nikolas Maduro ilə eyni şəhərdə olacağı anlamına gəlir. Maduro həyat yoldaşı Seliya Floreslə birlikdə Nyu-Yorkdakı həbsxanada saxlanılır.
Rodrigesin səfər zamanı Maduro ilə görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə məlumat verilməyib.
BMT Baş Assambleyasının yüksək səviyyəli ümumi siyasi müzakirələri sentyabrın 22-26-sı və 28-də Nyu-Yorkdakı təşkilatın mənzil-qərargahında keçiriləcək. Tədbirlərdə dövlət və hökumət başçıları, eləcə də xarici işlər nazirləri iştirak edəcəklər. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə zərbələr endirib, Nikolas Maduro və həyat yoldaşı Seliya Floresi saxlayaraq ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-Yorkun Cənub dairəsi üzrə federal məhkəməsi qarşısına çıxarılıblar. Maduro və Flores narkotik ticarətində iştirakda ittiham olunurlar. Onlar ittihamları qəbul etməyiblər.
Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Delisi Rodriges icra edir. O, Maduro dövründə ölkənin icraçı vitse-prezidenti vəzifəsini tutub.
dəqiqələr içində saytın olsun.