Azərbaycanda bəzi satınalmalar üçün ayrıca tənzimləmə qaydası müəyyən ediləcək
Azərbaycanda müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyən edilməsi, eyni zamanda həmin satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsi nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bu, "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilir ki, təklif olunan dəyişikliklərin əsas məqsədi adı çəkilən qanunun 3.2.8-1-ci altmaddəsində sadalanan hüquqi şəxslərin müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmaları Qanunun tətbiq dairəsindən çıxarmaqdır.
Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir. Satınalmalar dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.
Qanunun 3.2.8-ci maddəsinə edilən dəyişikliklə 3.2.8-1-ci maddədə nəzərdə tutulan hüquqi şəxslərin 3.2.8-ci maddənin əhatəsindən istisna edilməsi və onların ayrıca kateqoriya kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni 3.10-1-ci maddəyə əsasən, həmin hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Bununla yanaşı, 3.2.8-1-ci maddədə nəzərdə tutulan satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Qalib təchizatçının qeyri-rezident olduğu hallar və Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar bu elektronlaşdırma tələbindən istisna edilir.
dəqiqələr içində saytın olsun.