Regionlarda yeni biznes qurmaq üçün hansı imkanlar var?
Regionların inkişafı, ölkədə davamlı və balanslı iqtisadi inkişafın dəstəklənməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir. Çünki artıq regionlarda infrastruktur formalaşır. Bu infrastrukturun yaradılması isə bölgələrə daha çox sərmayənin cəlb edilməsinə imkan yaradır.
Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib.

O bildirib ki, praktik olaraq əsas hədəflərdən biri biznesin daha çox bölgələrə transfer edilməsinə nail olmaqdır:
“Bu, həm məşğulluğun təmin edilməsi, həm də bölgələrdə ixtisaslı kadrların işlə təmin olunması baxımından vacibdir.
Struktur olaraq regionlarda təbii imkanlar kifayət qədər genişdir. Xüsusilə əvvəlki illərlə müqayisədə artıq bölgələrdə infrastrukturun formalaşmasını müşahidə edirik. Bu da öz növbəsində investisiyaların cəlb edilməsi üçün imkan yaradır.
Bölgələrdə biznes mühitinin daha da yaxşılaşdırılması da prioritetdir. Bu istiqamətdə işlərin dərinləşdirilməsi müşahidə olunur və bu, təbii ki, sərmayənin cəlb edilməsinə və biznesin inkişafına imkan yaradır.
Konkret olaraq hansı biznes növlərinin cəlb edilməsinə gəlincə, hazırda bizim qiymətləndirmələrimiz göstərir ki, turizm, xidmət sektoru, eləcə də aqrar sektorla yanaşı, qida sənayesində də biznesin qurulması üçün imkanlar var.
Turizm istiqamətində işlər görülür və turizmin dövlət proqramının qəbul edilməsi bölgələrimizdə turizm obyektlərinin sayına təsir göstərəcək. Bu baxımdan həm ailə turizmi, həm də şirkətlərin daha çox investisiya hesabına formalaşdırdığı turizm obyektlərinin qurulması prosesi davam edəcək.
Turizm məhz bölgələrə investisiyanın yönəldilməsi baxımından cəlbedici sahələrdən biridir. Qida sənayesində də imkanlar var və bu sektorun bölgələrdə inkişaf etdirilməsi üçün potensial mövcuddur.
Bölgələrimizdə sənaye parkları və sənaye məhəllələri fəaliyyət göstərir. Bu da təbii ki, regionlarda sənayenin inkişafının xüsusi dəstəklənməsi anlamına gəlir.
O baxımdan, əvvəlki illərlə müqayisədə artıq bölgələrimizdə biznes üçün imkanlar daha genişdir. Ona görə də iş adamlarının öz sərmayələrinin bir hissəsini bölgələrə yönəltməsi, burada investisiya həyata keçirilməsi həm iqtisadiyyatın balanslı inkişafı, həm də regionlarda məşğulluğun artırılması baxımından vacibdir”.
dəqiqələr içində saytın olsun.