Azərbaycanla Qırğız Respublikası arasında sərnişin və yükdaşımaları sadələşdirilir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Qırğızıstan Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" müzakirəyə çıxarılıb.
Operativ Media xəbər verir ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
Saziş tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir.
Sənəd 24 maddədən ibarətdir.
Sazişə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımaları həyata keçirilir.
Razılaşmaya əsasən, sərnişinlərin avtobuslarla müntəzəm daşınması tərəflərin səlahiyyətli orqanları arasında əvvəlcədən razılaşdırılmaqla təşkil olunur və bununla bağlı təkliflər digər tərəfə əvvəlcədən verilir. Bu təkliflər daşıyıcının adı, marşrutu, hərəkət cədvəli, tarifi, dayanacaq nöqtələri, planlaşdırılan dövr və müntəzəmlik barədə məlumatları ehtiva etməlidir. Avtobuslarla qeyri-müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi üçün isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr tələb olunur.
Tərəflər arasında, onların ərazisindən tranzitlə, həmçinin üçüncü dövlətlərə yüklərin daşınması prosesi tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr əsasında qeydiyyatdan keçmiş yük avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması üçün xüsusi icazə tələb olunur. Bəzi yük daşımaları üçün isə icazə tələb edilmir (poçt göndərişləri, ölülərin cəsədləri və külləri, teatr dekorasiyaları və s.).
Razılaşmaya əsasən, ağır xəstələrin daşınması, avtobuslarla sərnişinlərin müntəzəm daşınması, heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcəkdir.
Bu Sazişin müddəaları tərəflərdən birinin dövlətinin milli təhlükəsizliyinə zərər gətirə biləcək tranzit daşımalara məhdudiyyətlərin tətbiq edilməsini istisna etmir.
Sazişin müddəalarının icrası və beynəlxalq avtomobil daşımaları sahəsində yaranan məsələlərin həlli üçün tərəflər Qarışıq Komissiya yaratmağa razılaşırlar.
Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mümkün fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Sazişə tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz tərkib hissəsi olan və ayrıca protokollarla rəsmiləşdirilən düzəliş və əlavələr edilə bilər.
dəqiqələr içində saytın olsun.