Menyu

Qeyri-neft sənayesində yeni mərhələ: Dağ-mədən və metallurgiya potensialı necə reallaşacaq? - TƏHLİL

Ayşən Sadıxzadə
Qeyri-neft sənayesində yeni mərhələ: Dağ-mədən və metallurgiya potensialı necə reallaşacaq? - TƏHLİL

“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” iqtisadiyyatın şaxələndirilməsi baxımından çox əhəmiyyətlidir.

Bu sözləri Operativ Media-ya deputat Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas aparıcı qüvvəsi uzun illər neft-qaz sektoru olub:

“Lakin son illərdə neft hasilatının azalması ölkədə iqtisadi artım templərinin də müəyyən qədər yavaşlamasına səbəb olub. Belə ki, cari ilin ilk 8 ayında ÜDM 1,2 faiz artsa da, qeyri-neft sənayesində 5,4 faizlik artımın qeydə alınması müsbət göstəricidir. Düşünürəm ki, icrası 4 il üçün nəzərdə tutulan bu Dövlət Proqramı qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinin inkişafına mühüm töhfə verəcək.

Müəyyən olunmuş hədəflərə əsasən, bu sahədə yeni istehsal proseslərinin qurulması nəticəsində 5 mindən çox iş yerinin yaradılması və dövlət büdcəsinə 1 milyard manatdan çox gəlirin daxil olması proqnozlaşdırılır.

Ölkəmizin faydalı qazıntılarla zəngin əraziləri əsasən 30 il ərzində Ermənistanın işğalı altında olub. Ermənistan suveren ərazilərimizdə qeyri-qanuni hasilatlar aparmaqla təbii sərvətlərimizi talayıb. Bu gün isə suverenliyimizin tam şəkildə bərpa olunması bütün ərazilərimizdə faydalı qazıntıların hasil edilməsinə və bu sərvətlərin xalqımızın rifahına xidmət etməsinə imkan yaradır.

Ağdərə, Zəngilan və Kəlbəcərdə hələ sovet illərində geoloji kəşfiyyat işləri aparılıb, qızıl, mis və molibdenlə zəngin yataqlar müəyyən edilib. Dövlət Proqramında işğaldan azad olunmuş digər ərazilərdə də geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan və digər regionlarda da geoloji kəşfiyyat işləri həyata keçirilməklə ölkənin ümumi faydalı qazıntı potensialı öyrəniləcək və müəyyən edilmiş ehtiyatların istehsal proseslərinə cəlb olunması təmin ediləcək. Daşkəsəndə yaradılmış Qərb Sənaye Parkı dağ-mədən və metallurgiya sənayesinin sürətlə inkişafına mühüm təkan verəcək.

Eyni zamanda, Avropanın ən perespektivli yataqlarından biri hesab olunan Balakən-Filizçay mədənində iqtisadi-texniki əsaslandırma işləri başa çatdırılacaq və yatağın istehsal proseslərinə cəlb olunması təmin ediləcək.

Dövlət Proqramında yalnız yerin altındakı faydalı qazıntıların hasilatı və satışı nəzərdə tutulmur. Burada əsas məqsəd hasilatla yanaşı, emal proseslərinin də həyata keçirilməsi, dəyər zəncirinin bütün mərhələlərinin istehsala cəlb olunması və nəticə etibarilə əlavə dəyərin yaradılmasıdır.

Dövlət Proqramının icrası ölkəmizə xarici investisiyaların axınına, yeni texnologiyaların gətirilməsinə, yeni istehsal sahələrinin qurulmasına, müxtəlif çeşiddə məhsulların istehsalına, əlavə gəlirlərin əldə olunmasına və ən əsası, yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək.

Biz bilirik ki, bu gün qlobal bazarlarda dağ-mədən və metallurgiya məhsullarına böyük tələbat var. Bu baxımdan hesab edirəm ki, həmin sahələrin inkişafı ölkə iqtisadiyyatının artımına mühüm töhfə verəcək. Qarşıdakı 4 il ərzində Azərbaycanın dağ-mədən və metallurgiya məhsullarının xarici bazarlara daha geniş çeşiddə ixracının artmasını müşahidə edəcəyik”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər