Tıxacın görünməyən qiyməti: Bakı sakinləri yolda nə qədər pul itirir?
Bakıda tıxac artıq yalnız yollarda yaranan sıxlıq problemi deyil. Səhərdən axşama qədər yollarda itirilən vaxt, artan yanacaq sərfiyyatı, ictimai nəqliyyatın gecikməsi, işə və görüşlərə vaxtında çata bilməmək həm vətəndaşların gündəlik xərclərini artırır, həm də şəhər iqtisadiyyatına görünməyən maliyyə yükü yaradır. Bəs Bakıda hər gün itirilən saatların və tıxacın yaratdığı əlavə xərclərin iqtisadi dəyəri nə qədərdir?
Bu barədə Operativ Media-ya Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, Bakıda tıxacın görünməyən qiyməti təkcə sürücünün yolda keçirdiyi əlavə vaxt deyil. Bu, yanacaq sərfiyyatının artması, avtomobilin daha tez köhnəlməsi, taksidən daha çox istifadə, iş vaxtının itirilməsi və nəticədə həm ailə büdcəsinə, həm də şəhər iqtisadiyyatına əlavə xərc deməkdir:
“Son günlər bu problem xüsusilə kəskinləşib: sentyabrın 15-dən dərs ilinin başlaması, “28 May” və “Nizami” metro stansiyalarının uzunmüddətli təmirə bağlanması və Formula 1 ilə bağlı bəzi mərkəzi küçələrdə hərəkət məhdudiyyətləri nəqliyyat yükünü artırıb. Tıxacın birbaşa maliyyə yükünü hesablamaq üçün sadə bir nümunə kifayətdir. Gündə 1 saat əlavə yolda qalan və şəxsi avtomobilindən istifadə edən şəxs ay ərzində təxminən 22 iş günü hesabı ilə 22 saatını itirir. Bu müddətdə avtomobilin boş hərəkətdə və aşağı sürətdə işləməsi yanacaq sərfini də artırır. Məsələn, tıxac səbəbindən gündə cəmi 1 litr əlavə yanacaq sərf olunursa, ayda 22 litr əlavə xərc yaranır. Buraya yağ, təkər, əyləc və digər hissələrin daha sürətli aşınmasını da əlavə etmək lazımdır.
Əslində ən böyük itki yanacaq deyil, vaxtdır. Əgər insanın bir saatlıq əmək dəyərini şərti olaraq 5 manat götürsək, gündəlik bir saatlıq əlavə yol vaxtı ayda 110 manatlıq iqtisadi dəyər itkisi yaradır. Əməkhaqqı yüksək olan şəxslərdə bu rəqəm daha da artır. Üstəlik, bu yalnız sürücünün öz vaxtıdır. İşə gecikmələr, görüşlərin təxirə düşməsi, məhsuldarlığın azalması və günün sonunda yorğunluğun artması hesablamaya daxil edilmir. Tıxac ictimai nəqliyyatdan istifadə edən vətəndaş üçün də əlavə xərc yaradır. Şəxsi avtomobildən avtobusa keçmək nəzəri olaraq daha ucuzdur, amma avtobusun tıxacda qalması sərnişinin vaxt itkisini aradan qaldırmır. Metroya və ya daha sürətli nəqliyyat vasitəsinə çatmaq üçün əlavə avtobus, taksi və ya digər nəqliyyat xidmətindən istifadə etmək lazım gəldikdə gündəlik nəqliyyat büdcəsi artır. Xüsusilə metro xətlərinin və ya stansiyaların müvəqqəti məhdudlaşdırılması alternativ nəqliyyata tələbi artırır. Taksidə isə problem daha aydın görünür. Tıxac səfərin müddətini uzatdıqca avtomobil eyni məsafəni daha uzun müddətdə qət edir. Bu, həm sərnişinin vaxt itkisini artırır, həm də taksi xidmətinin maya dəyərinə təsir edir. Nəticədə tıxac nəqliyyat xidmətinin qiymətinə birbaşa və dolayı şəkildə daxil olur.
Problemin miqyası avtomobillərin sayının artması ilə də əlaqəlidir. 2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin sayı 1,93 milyona yaxınlaşıb və son beş ildə avtomobil parkının 31 faizdən çox artdığı bildirilir. Bu avtomobillərin əhəmiyyətli hissəsinin Bakıda cəmlənməsi paytaxt yollarına düşən yükü artırır. Eyni zamanda, NİİM-in məlumatlarında sentyabr ayında bir neçə gün ərzində paytaxtın 14-20-yə yaxın istiqamətində sıxlıq qeydə alınıb. Bu, problemin yalnız bir neçə küçə ilə məhdudlaşmadığını göstərir.
Tıxacın iqtisadi zərəri bununla da bitmir. Şəhərdə yük avtomobilləri, kuryerlər, servis avtomobilləri və digər kommersiya nəqliyyatı da vaxt itirir. Bir yük maşınının çatdırılmanı bir saat gecikdirməsi yalnız sürücünün vaxt itkisi deyil, həmin məhsulun, xidmətin və biznes əməliyyatının maya dəyərinə çevrilir. Bu proses genişləndikcə tıxacın xərci sonda istehlakçının ödədiyi qiymətə də daxil ola bilər.
Ona görə Bakıda tıxac məsələsinə yalnız yol hərəkəti problemi kimi baxmaq düzgün deyil. Bu, əslində əmək məhsuldarlığı, ailə büdcəsi, yanacaq istehlakı, ictimai nəqliyyatın səmərəliliyi və biznes xərcləri ilə bağlı iqtisadi problemdir. Bakı sakinlərinin hər gün itirdiyi 30-60 dəqiqə və bəzi marşrutlarda bundan daha çox vaxt il ərzində yüzlərlə saata çevrilə bilər.
Əsas məsələ yeni yolların salınması ilə yanaşı, həmin yollara düşən nəqliyyat tələbinin idarə edilməsidir. Çünki avtomobil sayı yolların genişlənməsindən daha sürətlə artırsa, yeni yol müəyyən müddətdən sonra yenidən yüklənə bilər. Buna görə ictimai nəqliyyatın sürətləndirilməsi, ayrılmış avtobus zolaqlarının səmərəli işləməsi, metro və digər yüksək tutumlu nəqliyyatın inkişafı, parklanmanın düzgün təşkili və şəhərə avtomobillə daxil olmaq məcburiyyətini azaldan şəhərsalma siyasəti iqtisadi baxımdan da əhəmiyyətlidir. AYNA-nın məlumatına görə, hazırda 114 kilometrdən çox avtobus zolağı təşkil olunub və 2025-ci ildə ölkədə 494 milyondan çox sərnişin daşınıb.
Yəni tıxacın real qiyməti sürücünün yanacaqdoldurma məntəqəsində ödədiyi məbləğdən qat-qat böyükdür. Vətəndaş bunu hər gün pul kisəsində tam hiss etməsə də, itirilən vaxt, əlavə yanacaq, nəqliyyat xərcləri və məhsuldarlıq itkisi birlikdə şəhər iqtisadiyyatında kifayət qədər böyük gizli xərc yaradır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, tıxacların olması, əlbəttə, nəinki Bakı sakinlərinə, həmçinin Bakı iqtisadiyyatına da çox ciddi ziyan vurur. Burada birbaşa pul itkisindən söhbət gedir. Artıq beynəlxalq təşkilatların da tıxaclarla bağlı müxtəlif hesablamaları var. Azərbaycan da bu prosesin bir parçasıdır və həmin hesablamalar ölkəmizə də şamil olunur:
“İl ərzində iri şəhərlərdə tıxaclar səbəbindən milyardlarla məbləğdə iqtisadi itki yaranır. Bu itkilər müxtəlif amillər nəzərə alınmaqla hesablanır. Məsələn, bir şəxsin işə gecikməsi, iş prosesində məhsuldarlığın azalması, istehsalatın gecikməsi və ya dayanması iqtisadi itkilərə səbəb olur. Bundan başqa, tıxac zamanı avtomobillərin uzun müddət yolda qalması əlavə yanacaq xərcləri yaradır. Bu isə öz növbəsində ekoloji vəziyyətə, havanın çirklənməsinə və digər ekoloji problemlərin yaranmasına gətirib çıxarır.
Beynəlxalq təşkilatlar tıxacların yaratdığı iqtisadi zərəri ümumi büdcənin müəyyən faizləri ilə də hesablayırlar. Proqnozlara görə, əgər Azərbaycanda tıxaclar bu şəkildə davam edərsə, gələcək illərdə ölkə iqtisadiyyatının təxminən 4 milyard manat itki ilə üzləşməsi mümkündür.
Bakıda yaranan tıxacların əsas səbəblərindən biri də adından göründüyü kimi, yolların həddindən artıq yüklənməsi və müəyyən hallarda yolların bağlanmasıdır. Bu gün marşrut xətlərində çox sayda avtobus fəaliyyət göstərir. Artıq Bakı şəhərində avtobusların sayı 2500-ü ötüb. Buna baxmayaraq, əgər yol bağlanırsa və ya nəqliyyatın hərəkəti məhdudlaşırsa, həmin avtobuslar da tıxacda qalmalı olurlar.
Belə olan halda isə vətəndaşlar və şəhər sakinləri mənzil başına vaxtında çata bilmirlər. Nəticədə problem yalnız şəxsi vaxt itkisi ilə məhdudlaşmır, həm də insanların işinə, gündəlik fəaliyyətinə və şəhərin ümumi iqtisadi aktivliyinə təsir göstərir”.
dəqiqələr içində saytın olsun.