Mikayıl Cabbarov: Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta bilər
Azərbaycan coğrafi baxımdan dənizə çıxışı olmayan ölkə olsa da, uzunmüddətli siyasət və investisiyalar nəticəsində beynəlxalq nəqliyyat qovşağına çevrilib.
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda Azərbaycanın ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, gəmiqayırma zavodu və Xəzər yük donanmasının Orta Dəhlizin əsas elementləri olduğunu vurğulayıb.
M.Cabbarov qeyd edib ki, düzgün investisiya və səmərəlilik tədbirləri nəticəsində Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər.
O bildirib ki, Azərbaycanın Orta Dəhlizin ərazisindən keçən hissələrinin tikintisi başa çatıb. Növbəti mərhələdə əsas diqqət xidmətlərin keyfiyyətinə, rəqəmsallaşmaya və süni intellekt əsaslı həllərə yönəldiləcək.
Nazirin sözlərinə görə, Azərbaycan nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçidi hədəfləyir. Bu istiqamətdə logistika terminalları, rəqəmsal xidmətlər və sənaye sahələri özəl investisiyalar üçün yeni imkanlar yaradır.
M.Cabbarov Azərbaycan və Ermənistan arasında sülh prosesinin də regionun iqtisadi imkanlarını genişləndirdiyini bildirib.
dəqiqələr içində saytın olsun.