Azərbaycanın iqtisadi siyasətində yeni prioritetlər açıqlanıb
“Biz əks-tsiklik siyasət həyata keçiririk”.
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın iqtisadi siyasətində əsas diqqət rəqəmsallaşma, sənayeləşmə, süni intellekt və beynəlxalq tərəfdaşlıqlar kimi istiqamətlərə yönəlib.
Mikayıl Cabbarov rəqəmsallaşmanın əsas diqqət yetirilən sahələrdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması, rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyənləşdirilməsi və Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə atılan mühüm addımlardır.
“Biz rəqəmsallaşmanın həm iqtisadiyyatda məhsuldarlığa, həm də ayrı-ayrı insanların məhsuldarlığına töhfə verdiyinə inanırıq”, – deyə nazir bildirib.
Mikayıl Cabbarov süni intellekt sahəsinin də Azərbaycanın diqqət mərkəzində olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, ölkə ilkin mərhələdə Azərbaycanın təbii üstünlüklərindən – coğrafi mövqeyindən, enerjiyə çıxış imkanlarından, enerji xərclərindən, insan kapitalından və bağlantılardan maksimum yararlanmağa fokuslanır.
O, sənayeləşməyə diqqətin davam etdirildiyini və bunun ixrac artımında da özünü göstərdiyini bildirib.
Mikayıl Cabbarov Azərbaycanın mövcud tərəfdaşlıqlara daha çox sərmayə yatırdığını deyib. Onun sözlərinə görə, Mərkəzi Asiya qarşılıqlı ticarət və investisiyalar baxımından ən böyük və sürətlə inkişaf edən regionlardan biridir. Eyni yanaşma Körfəz ölkələri ilə əməkdaşlığa da aiddir.
Nazir bildirib ki, Azərbaycan birgə investisiya fondlarının yaradılmasına və kapitalın ölkə xaricinə yönəldilməsinə də diqqət yetirir.
“Biz milli kapitalı xaricə ixrac edirik. Lakin buna yalnız kapital ixracı kimi baxmırıq. Eyni zamanda bunu bilik, nou-hau və təcrübə transferi kimi qiymətləndiririk. Bu proses açıq şəkildə hər iki istiqamətdə gedir”, – deyə Mikayıl Cabbarov bildirib.
O əlavə edib ki, Azərbaycan və tərəfdaş ölkələr arasında yalnız ölkəyə daxil olan investisiyalar deyil, xaricə yönələn investisiyalarla bağlı da bir sıra sazişlərin imzalanması nəzərdə tutulur.
Nazirin sözlərinə görə, bu cür əməkdaşlıq Azərbaycanın tərəfdaşlıqlarını və qarşılıqlı etimadı daha da möhkəmləndirir.
dəqiqələr içində saytın olsun.