Kirayə ev axtaran tələbələrin işi niyə çətinləşib? – Qiymətlər artır, seçim azalır
Kirayə mənzil bazarında qiymətlərin yüksək olması ilə yanaşı, münasib ev tapmaq problemi də davam edir. Xüsusilə tələbələr həm büdcələrinə uyğun mənzil tapmaqda, həm də bəzi ev sahiblərinin tələbələrə, xüsusilə oğlanlara ev verməməsi səbəbindən seçim etməkdə çətinlik çəkirlər.
Bu barədə Operativ Media-ya əmlak eksperti Elnur Azadov danışıb.

O bildirib ki, kirayə mənzil bazarında qiymətlər yüksək olaraq qalır, eyni zamanda təkliflərin sayı da məhduddur. Sentyabr ayında mənzil axtaran şəxslərin bir qismi hələ də istədikləri ərazidə və uyğun qiymətə ev tapa bilmirlər:
“Kirayə bazarında müşahidələrə görə, xüsusilə mərkəzi ərazilərə yaxın lokasiyalarda bir və iki otaqlı mənzillərin qiymətləri təxminən 500 manatadək formalaşıb. Bu ərazilərdə təkliflərin sayı olduqca azdır.
Mərkəzə yaxın ərazilər sırasında Xətai, Gənclik, Nərimanov, Ayna Sultanova, Bayıl və İnşaatçılar kimi lokasiyalar qeyd olunur. Burada bir və iki otaqlı mənzillərin qiymətləri ən azı 450 manatdan başlayır. Təkliflərin məhdud olması isə mənzil axtaranların seçim imkanlarını azaldır.
Daha nisbətən ucqar mikrorayonlarda da qiymətlər aşağı səviyyədə deyil. Yeni Yasamal, Keşlə, NZS qəsəbəsi, Əhmədli, Bakıxanov qəsəbəsi və Dərnəgül kimi ərazilərdə bir otaqlı mənzillərin qiyməti 400 manatdan başlayır.
İki otaqlı mənzillərdə isə qiymətlər digər qeyd olunan ərazilərlə müqayisədə təxminən 100-150 manat daha yüksək ola bilir.
Beləliklə, kirayə bazarında əsas problemlərdən biri yalnız qiymətlərin yüksək olması deyil, həm də uyğun mənzil təkliflərinin kifayət qədər olmamasıdır. Bu vəziyyət mənzil axtaran şəxslərin seçim imkanlarını məhdudlaşdırır və onları daha uzun müddət müxtəlif ərazilərdə alternativ evlər axtarmağa vadar edir”.
İqtisad Universiteti Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Qumru Əliyeva kirayə mənzil tapmaqda çətinlik çəkdiyini bildirib. O, hazırda Nərimanov rayonunda iki nəfərlə birlikdə kirayə mənzildə yaşayır və aylıq 600 manat ödəyir.
Onun sözlərinə görə, kirayə qiymətlərində hətta ötən ayla müqayisədə 50-100 manat arası artım müşahidə olunur.
Qumru Əliyeva tələbələr üçün münasib qiymətə mənzil tapmağın da çətin olduğunu deyib. Bildirib ki, bəzi evlərin qiyməti tələbə büdcəsinə uyğun olsa da, mənzil sahibləri həmin evləri tələbələrə kirayə vermirlər. Tələbələrə verilən mənzillərin qiyməti isə daha yüksək olur.
BDU-nun hüquq fakültəsinin tələbəsi Aysel Rüstəmova kirayə mənzili təsadüfən tapdığını bildirib. Onun sözlərinə görə, qrup yoldaşlarının söhbəti zamanı mənzil barədə məlumat əldə edib. Ətrafındakı tələbələrin isə kirayə ev tapmaq üçün ciddi çətinlik çəkdiyini deyib.
Aysel Rüstəmova xüsusilə tələbə oğlanlara ev sahiblərinin mənzil vermədiyini qeyd edib. O, hazırda Elmlər Akademiyası ərazisində dörd qızla birlikdə yaşayır və kirayə üçün ümumilikdə 650 manat ödəyirlər. Kommunal xərclər bu məbləğə daxil deyil.
Tələbənin sözlərinə görə, kommunal xərclər nəzərə alınmadan kirayə haqqı adambaşına təxminən 162 manat düşür. Birinci kurs tələbəsi olduğunu deyən Aysel Rüstəmova universitetə yaxın ərazidə bu qiymətə mənzil tapmağın çox çətin olduğunu vurğulayıb. O, mənzili şanslı olduğu üçün tapa bildiyini bildirib.
dəqiqələr içində saytın olsun.