Menyu

İlham Əliyev: Bu il tranzit yüklərin həcmi 16 mln. tona çatacaq

Operativ Media
İlham Əliyev: Bu il tranzit yüklərin həcmi 16 mln. tona çatacaq

Azərbaycan bu il tranzit yükdaşımalarının həcmini 16 milyon tona çatdırmağı, 2030-cu ilədək isə bu göstəricini 25 milyon tona və daha yüksək səviyyəyə yüksəltməyi hədəfləyir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, tranzit yükdaşımalarında sürətli artıma nail olunub və bu istiqamətdə əsas məqsədlərdən biri qarşıya qoyulan hədəflərin davamlı şəkildə artırılmasıdır.

“Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək bu göstəricini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır”, - deyə Prezident vurğulayıb.

İlham Əliyev qeyd edib ki, bu məqsədlə fiziki infrastruktur yaradılıb, dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil magistrallarına sərmayələr yatırılıb.

“Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bütün qonşularımızla, eləcə də ölkə daxilində dəmir yolu əlaqəmiz var. Bu, işin mühüm hissəsi idi”, - dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, inkişaf etmiş ölkəyə çevrilmək üçün qonşu ölkələrlə və onların qonşuları ilə yaxşı münasibətlərin qurulması vacibdir. O bildirib ki, dənizə çıxışı olmayan ölkə kimi bu amil xüsusi əhəmiyyət daşıyır.

İlham Əliyev qeyd edib ki, Azərbaycan bu istiqamətdə də işlər görüb və hazırda bütün qonşu ölkələrlə münasibətlər aydın və proqnozlaşdırılandır.

Dövlət başçısı bildirib ki, yük göndərənlərin Azərbaycan marşrutunu seçməsi üçün müvafiq mühit və stimullar yaradılıb. Onun sözlərinə görə, bu işlər hazırkı geosiyasi dəyişikliklərdən əvvəl həyata keçirilib.

Prezident vurğulayıb ki, yük göndərənlərin Azərbaycan ərazisindən keçərkən multimodal daşımaları seçməsi üçün həm fiziki, həm də inzibati mühit formalaşdırılıb. O, bərə nəqliyyatının da bu prosesdə mühüm rol oynadığını qeyd edib.

“Bu gün istər Şərq–Qərb, istərsə də Şimal–Cənub istiqamətində Azərbaycan ərazisindən yükdaşımaya tələbatın artdığını görürük. Biz bu iki mühüm marşrutun kəsişməsində yerləşirik. Yeri gəlmişkən, Azərbaycan hər iki nəqliyyat layihəsinin fəal iştirakçısı olan çox az sayda ölkədən biridir”, - İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutları üzrə qonşu ölkələrlə fəal əməkdaşlıq edir.

İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan ötən ilin noyabrından Mərkəzi Asiya Məşvərət Şurasının üzvüdür.

“Coğrafi baxımdan Cənubi Qafqazda yerləşirik, lakin siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik”, - dövlət başçısı qeyd edib.

Prezident əlavə edib ki, nəqliyyatın idarə edilməsi və rəqəmsallaşdırılması, gömrük inzibatçılığı, eləcə də Azərbaycanda investorlar üçün aydın və anlaşılan qaydaların mövcudluğu ölkənin tranzit və investisiya potensialını gücləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər