Menyu

Prezident: ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çoxdur

Operativ Media
Prezident: ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çoxdur

Azərbaycanda ümumi daxili məhsulun strukturunda qeyri-neft sektorunun payı 70 faizdən çoxdur. Bununla yanaşı, ölkənin ixracının 90 faizdən çoxu hələ də neft və qazın payına düşür.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu vəziyyəti yaxşılaşdırmalı və iqtisadiyyatını daha çox şaxələndirməlidir.

“Ümid edirik ki, qonaqlarımızın və bizimlə işləmək qərarına gələcək tərəfdaşlarımızın köməyi ilə buna nail olacağıq”, - deyə Prezident qeyd edib.

İlham Əliyev bildirib ki, Azərbaycanın maliyyə imkanları məxfi texnologiyalar istisna olmaqla, demək olar, istənilən texnologiyanı əldə etməyə imkan verir.

“Biz hansı texnologiyaları ala biləcəyimizi bilirik və bunu edirik. Bu gün maliyyə imkanlarına malik olduğumuz üçün, məxfi texnologiyalar istisna olmaqla, demək olar ki, istənilən texnologiyanı ala bilərik. Bu, çox vacibdir”, - dövlət başçısı vurğulayıb.

Prezident neft-qaz sektorunda formalaşan təcrübənin bu baxımdan nümunə olduğunu bildirib. Onun sözlərinə görə, ilk hasilatın pay bölgüsü sazişi 1994-cü ildə imzalanarkən Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbi mütəxəssislər olub.

“İndi əcnəbi mütəxəssislərin payı, yəqin ki, təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının gücləndirilməsinə böyük töhfə verib”, - İlham Əliyev deyib.

Dövlət başçısı bir çox Azərbaycan vətəndaşının hazırda dünyanın müxtəlif ölkələrində qlobal miqyasda fəaliyyət göstərdiyini bildirib.

“Nümayəndələrimizin mühüm vəzifələr tutması bizi sevindirir və qürurlandırır”, - Prezident qeyd edib.

İlham Əliyev kadr hazırlığının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsil sahəsində böyük işlər görülüb.

Prezident xatırladıb ki, 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra gənclərin xaricdə təhsil alması ilə bağlı dövlət proqramı qəbul edilib.

“Həmin vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gənc xaricdə təhsil alıb. Onların əksəriyyəti ölkəyə qayıdıb”, - deyə dövlət başçısı bildirib.

İlham Əliyev bunun pulla əldə edilməsi mümkün olmayan potensialın formalaşdırılması olduğunu vurğulayıb.

“Əlbəttə, ekspertiza baxımından aparıcı şirkətlərin ən yaxşı təcrübəsi və qabaqcıl praktikası düzgün istiqamətdə irəliləməyimiz üçün çox vacibdir. Məqsədimiz qeyd etdiyimiz sahələrdə neft-qaz sektorunda yaratmağa nail olduğumuz mühiti formalaşdırmaqdır”, - Prezident əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər