Avtomobilin illik saxlanma xərcləri nə qədərdir? - Ekspert danışır
Avtomobil almaq bir dəfəlik xərc kimi görünsə də, əslində onun sahibinə maliyyə yükü hər ay davam edir. Yanacaq, servis, sığorta, parklanma, təkər, ehtiyat hissələri və gözlənilməz təmir xərcləri avtomobilin görünən qiymətindən kənarda qalan əsas ödənişlərdir. Üstəlik, kredit və avtomobilin zamanla dəyər itirməsi bu yükü daha da artırır. Bəs avtomobil sahibi olmaq il ərzində real olaraq nə qədər xərc yaradır və maşının özündən əlavə nələrə pul xərcləyirik?
Mövzu ilə bağlı Operativ Media-ya Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli danışıb.

O bildirib ki, Azərbaycanda, xüsusən Bakıda avtomobilin sahibinə real illik yükünü yalnız yanacağın qiyməti ilə hesablamaq düzgün deyil. Yanacaq, texniki xidmət, yağ və filtrlər, ehtiyat hissələri, icbari sığorta, parklanma, təkərlər, yuma və gözlənilməz təmir xərcləri birlikdə kifayət qədər böyük məbləğ yaradır:
“Orta hesabla gündə 30–40 km istifadə olunan avtomobil üçün təkcə yanacağa ayda təxminən 150–250 manat, servis və texniki xidmətə orta hesabla 50–100 manat, sığorta və digər məcburi xərclərə isə aylıq ekvivalentdə 20–40 manat düşə bilər. Parklanma, avtomobil yuma, təkər və gözlənilməz təmiri də əlavə etdikdə avtomobilin aylıq saxlanma xərci təxminən 250–500 manat aralığına çıxa bilər.
Əgər avtomobil kreditlə alınıbsa, mənzərə daha da dəyişir. Kredit ödənişi bu məbləğin üzərinə gəlir və bəzi hallarda avtomobilin aylıq maliyyə yükü 700–1000 manatı, hətta daha çoxu keçə bilər.
Burada bir də avtomobilin dəyər itirməsi var. Maşın satılarkən əvvəlki alış qiymətinə satılmır və bu amortizasiya da əslində sahibinin çəkdiyi xərcdir. Yəni avtomobilin görünən qiyməti bir rəqəmdir, onu saxlamağın real qiyməti isə illər ərzində həmin məbləğdən xeyli yüksək ola bilər”.
Nəqliyyat məsələləri üzrə ekspert Razil Nağıyev isə bildirib ki, avtomobil alarkən əksər insanlar yalnız onun alış qiymətini nəzərə alırlar. Halbuki avtomobilin real xərci onu aldığımız məbləğlə bitmir. Əsas xərclər avtomobili istifadə etdiyimiz illər ərzində formalaşır:

“Yanacaq ən böyük və davamlı xərclərdən biridir. Avtomobilin mühərrik həcmi, yanacaq sərfiyyatı, gündəlik və illik yürüş məsafəsi ümumi xərci ciddi şəkildə dəyişir. Xüsusilə şəhər daxilində intensiv istifadə olunan avtomobillərdə yanacaq xərci kifayət qədər yüksək ola bilər. Bundan əlavə, servis və texniki qulluq xərcləri də nəzərə alınmalıdır. Mühərrik yağı, filtrlər, əyləc sistemi, akkumulyator, təkərlər, kəmərlər və digər ehtiyat hissələri mütəmadi olaraq dəyişdirilir. Avtomobil yaşlandıqca gözlənilməz nasazlıqlar və təmir xərcləri də artır.. Sığorta, parklanma, avtomobilin yuyulması, texniki baxış və digər kiçik görünən xərclər də il ərzində əhəmiyyətli məbləğə çevrilir. Kredit və lizinq də avtomobilin real alış xərcinə ciddi təsir edə bilər. Nağd alış qiyməti ilə kredit və ya lizinq üzrə ümumi ödəniş eyni olmur. Faizlər, komissiyalar, ilkin ödəniş və digər ödənişlər nəzərə alındıqda, bəzi hallarda kredit və ya lizinq yolu ilə alınan avtomobilin ümumi ödənişi nağd alış qiymətindən 50–70% daha yüksək ola bilər. Buna görə avtomobil alarkən yalnız aylıq ödənişə deyil, müqavilənin sonunda banka və ya lizinq şirkətinə ödəniləcək ümumi məbləğə baxmaq lazımdır.
Ən çox diqqətdən kənarda qalan məsələlərdən biri də avtomobilin dəyər itirməsidir. Avtomobil 100% alış qiyməti ilə alınırsa, bir neçə ildən sonra onun satış qiyməti şərti olaraq 60–70% səviyyəsinə düşə bilər. Bu isə 30–40% dəyər itkisi deməkdir. Model, yürüş, texniki vəziyyət və bazar tələbindən asılı olaraq bu fərq daha böyük və ya daha kiçik ola bilər.
Nəticədə avtomobilin real sahiblik xərcini yalnız alış qiyməti ilə hesablamaq düzgün deyil. Yanacaq, servis, sığorta, ehtiyat hissələri, parklanma, kredit və lizinq üzrə əlavə ödənişlər, həmçinin avtomobilin dəyər itkisi birlikdə onun həqiqi maliyyə yükünü formalaşdırır”.
dəqiqələr içində saytın olsun.