Expressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçirib
Expressbank maliyyə savadlılığının artırılması və gənclərin müasir maliyyə xidmətlərindən daha təhlükəsiz şəkildə istifadəsinin təşviqi istiqamətində fəaliyyətinin davamı olaraq tələbələrlə görüşüb.
Operativ Media xəbər verir ki, bank tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün rəqəmsal bankçılıq, kibertəhlükəsizlik və istehlakçı hüquqları mövzularını əhatə edən təlimlər təşkil olunub.
Təlimlər çərçivəsində tələbələrə debit və kredit kartlarının əsas fərqləri, kart məhsulları seçilərkən diqqət edilməli məqamlar, rəqəmsal ödəniş üsulları, NFC və QR ödənişlər, həmçinin Apple Pay və Google Pay kimi rəqəmsal ödəniş həllərindən təhlükəsiz istifadə barədə məlumat verilib. Bununla yanaşı, şəxsi məlumatların qorunmasının əhəmiyyəti, sosial şəbəkələrdə həssas məlumatların paylaşılmaması, onlayn hesabların şifrələrinin mütəmadi yenilənməsi və ictimai Wi-Fi şəbəkələrindən istifadə zamanı ehtiyatlı davranmağın vacibliyi diqqətə çatdırılıb.
Təlimin digər istiqaməti kibertəhlükəsizlik olub. Tələbələr fişinqin müxtəlif formaları, onlayn dələduzluq və fırıldaqçılıq üsulları, eləcə də bu risklərdən qorunmaq üçün tətbiq edilə biləcək praktiki müdafiə üsulları barədə məlumatlandırılıblar.
İstehlakçı hüquqları mövzusunda isə bankla bağlanan müqavilələr zamanı diqqət edilməli əsas məqamlar, Standart Məlumatlandırma Formasının mahiyyəti və müştərinin bu sənədi imzalamazdan əvvəl diqqətlə oxumasının əhəmiyyəti izah edilib. Həmçinin hər hansı narazılıq və ya problem yarandığı halda ilk növbədə maliyyə institutuna müraciət etməyin əhəmiyyəti, Mərkəzi Banka və məhkəməyə müraciət imkanları və bu proseslərin ümumi qaydası barədə məlumat verilib.
Təlimlər Expressbankın peşəkar təlimçiləri – İqtisadi təhlükəsizlik şöbəsinin müdiri Tofiq Mehdiyev və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Alvina Əliyeva tərəfindən keçirilib.
Expressbank məsuliyyətli maliyyə qurumu olaraq cəmiyyətin maliyyə savadlılığının yüksəldilməsini sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindən biri hesab edir. Bank, xüsusilə gənclərin maliyyə məhsulları və xidmətləri barədə düzgün məlumatlandırılmasına, rəqəmsal maliyyə alətlərindən təhlükəsiz istifadənin təşviqinə və istehlakçı hüquqları barədə məlumatlılığın artırılmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici təşəbbüslərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
dəqiqələr içində saytın olsun.