Tibb sahəsində vergi güzəştlərinin müddəti başa çatır: Hansı yeniliklər gözlənilir?
Tibbi xidmətlərin göstərilməsinə və tibb müəssisələrinin nağdsız ödənişlərdən formalaşan dövriyyəsinə tətbiq olunan bir sıra vergi güzəştlərinin müddəti gələn il başa çatır.
Operativ Media xəbər verir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bir sıra güzəştlərin müddəti 2027-ci il yanvarın 1-də tamamlanacaq.
Belə ki, icbari tibbi sığorta fondunun, eləcə də ictimai və sosial məqsədlər üçün yaradılmış və müvafiq qurum tərəfindən təsdiq edilən fondların vəsaiti hesabına göstərilən tibbi xidmətlər 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır. Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-də başa çatacaq.
Həmçinin tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində göstərilən tibbi xidmətlər də 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır. Bu güzəştin də müddəti 2027-ci il yanvarın 1-də başa çatır.
Bundan başqa, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üçün nağdsız ödənişlərlə bağlı xüsusi vergi güzəşti nəzərdə tutulub. Belə ki, hesabat dövründə əhaliyə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi vergi tutulan ümumi dövriyyədən çıxılır.
Bu güzəşt də 2024-cü il yanvarın 1-dən 3 il müddətinə müəyyən edilib və onun müddəti 2027-ci il yanvarın 1-də başa çatacaq. Nağdsız ödənişlərin güzəştdən yararlanması üçün POS-terminal nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilməlidir.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
dəqiqələr içində saytın olsun.