Menyu

Azərbaycanın sağlamlıq turizmi potensialı Samsunda təqdim olunub

Operativ Media
Azərbaycanın sağlamlıq turizmi potensialı Samsunda təqdim olunub
1 dəq oxu

Türkiyənin Samsun şəhərində III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisi keçirilir.

Dövlət Turizm Agentliyindən Operativ Media-ya bildirilib ki, oktyabrın 18-dək davam edəcək tədbirdə Azərbaycanın turizm nümayəndə heyəti iştirak edir.

Sammitdə Dövlət Turizm Agentliyinin sektor müdiri Rüstəm Mehtizadə Azərbaycanın sağlamlıq turizmi potensialı və inkişaf perspektivləri barədə təqdimatlarla çıxış edib.

Təqdimatlarda Naftalan neftinin sağlamlıq turizmində əhəmiyyəti, ölkənin zəngin mineral və termal su ehtiyatları, regionlarda yeni turizm məhsullarının yaradılması imkanları, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin tibbi turizmin inkişaf perspektivləri barədə məlumat verilib.

Çıxışlarda Kəlbəcər rayonunun, xüsusilə "İstisu" mineral su mənbələrinin sağlamlıq turizmi baxımından potensialı vurğulanıb. Regionun zəngin təbii resurslarının müasir sağlamlıq və istirahət xidmətləri ilə birləşdirilməsi, müvafiq infrastrukturun inkişafı və yeni turizm məhsullarının yaradılması imkanları qeyd olunub. Eyni zamanda, Kəlbəcərdə sağlamlıq turizminin inkişafı üçün investorların cəlb edilməsi, özəl sektorun iştirakı və əlverişli investisiya mühitinin yaratdığı imkanlar diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ceyhun Aşurov Azərbaycanda termal turizmin potensialı, mineral və termal su ehtiyatlarının turizm məqsədilə istifadəsi, bu istiqamətdə mövcud imkanlar və inkişaf perspektivləri barədə təqdimatlar edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Samsun valisi Orhan Tavlı ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər