Menyu

Peşə məktəblərində yeni hazırlanmış kurikulumların gələn tədris ilindən tətbiqi nəzərdə tutulur

Operativ Media
Peşə məktəblərində yeni hazırlanmış kurikulumların gələn tədris ilindən tətbiqi nəzərdə tutulur
1 dəq oxu

Peşə təhsili üzrə tədris proqramlarının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması və tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan dəyirmi masa müzakirələri başa çatıb.

Bu barədə Operativ Media-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2027–2028-ci tədris ili üçün nəzərdə tutulan təşəbbüs çərçivəsində oktyabrın 6-da başlayan və 15 oktyabr 2026-cı il tarixinədək davam edən müzakirələr ümumilikdə 15 ixtisası əhatə edib. Görüşlərdə peşə təhsili müəssisələrinin təhsilverənləri, işəgötürənlərin nümayəndələri və sahə ekspertləri iştirak ediblər.

Dəyirmi masaların əsas məqsədi əmək bazarının aktual ehtiyaclarını nəzərə alan, praktik bacarıqların formalaşdırılmasına yönələn və müasir peşə standartlarına cavab verən təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsidir.

Müzakirələr zamanı elektrik qaz qaynaqçısı, kimyəvi və bioloji analiz laborantı, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, əl elektrik qaynaqçısı, isitmə-soyutma və havalandırma sistemləri (HVAC) üzrə montajçı, qənnadçı, mexaniki yığma işləri üzrə çilingər, neft-kimya sənayesinin texnoloji qurğularının operatoru, interyerin bədii tərtibatı, baramaçı və digər ixtisaslar üzrə təhsil proqramlarının məzmunu nəzərdən keçirilib. İxtisaslar üzrə müasir texnoloji yeniliklər, işəgötürənlərin gözləntiləri və əmək bazarının tələbləri təhlil olunaraq kurikulumların təkmilləşdirilməsi istiqamətində təkliflər müzakirə edilib.

Yenilənmiş və yeni hazırlanmış kurikulumların 2027–2028-ci tədris ilindən etibarən peşə təhsili müəssisələrində tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər tədrisin keyfiyyətinin yüksəldilməsinə, təhsil proqramları ilə əmək bazarının tələbləri arasında uyğunluğun gücləndirilməsinə və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

Əlaqəli Xəbərlər