Venesuelada Kolumbiya partizanlarının düşərgəsi bombalanıb
Venesuela ordusunun ölkə ərazisində Kolumbiyanın ELN partizan qruplaşmasına məxsus düşərgəyə endirdiyi ehtimal olunan hava zərbələri nəticəsində bir neçə nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Fundaredes qeyri-hökumət təşkilatı məlumat verib.
Təşkilat agentliyə bir neçə meyitin yerə səpələndiyi, ağacların aşdığı və düşərgəyə bənzər obyektin dağıntılarının göründüyü videomaterial təqdim edib.
Görüntülərin Kolumbiya sərhədi yaxınlığında, Venesuelanın Apure ştatının meşəlik ərazisində oktyabrın 30-da qeydə alındığı bildirilir.
Fundaredes təşkilatının direktoru Xavyer Tarazonanın sözlərinə görə, qurumun əməkdaşlarından biri hadisə yerində doqquz meyit sayıb.
O, hadisəni 2016-cı ildə Kolumbiyanın FARC partizan qruplaşmasının əsas hissəsinin tərksilah edilməsindən sonra qitənin ən güclü fəal partizan təşkilatı hesab olunan ELN-ə qarşı Venesuela tərəfindən həyata keçirilən ilk bombardman adlandırıb.