İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqlayıb
İran dəniz blokadası və müharibə davam etdiyi, eləcə də ölkənin aktivləri dondurulmuş vəziyyətdə qaldığı müddətdə ABŞ ilə danışıqların aparılmasını mümkün hesab etmir.
Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai brifinq zamanı bildirib.
O qeyd edib ki, dəniz blokadası və müharibə davam etdiyi, İranın aktivləri isə dondurulduğu halda Vaşinqtonla müxtəlif məsələlər üzrə danışıqlara başlamaq mümkün deyil.
Bəqainin sözlərinə görə, Tehranın tələbləri İslamabad razılaşmalarına əsaslanır. Həmin sənəddə hər iki tərəfin öhdəlikləri dəqiq müəyyənləşdirilib və ABŞ bu şərtlərlə razılaşsa da, sonradan onları pozub.
İran rəsmisi son aylarda ölkəsinə qarşı tətbiq edilən yeni sanksiyaların da ləğvini tələb edib.
Noyabrın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının açılması ilə bağlı iki günlük plan üzrə vasitəçilərlə məsləhətləşmələrin davam etdiyini, lakin hələlik yekun nəticənin əldə olunmadığını açıqlayıb.
Əraqçi daha əvvəl danışıqlar zamanı boğazın açılması planının icra müddətinin yeddi gündən iki günə endirilməsi ilə razılaşdıqlarını bildirmişdi.