Kamran Bayramov: Milli Dirçəliş Günü müstəqillik yolunun sarsılmaz təməlidir
Hər bir xalqın taleyində elə dönüş nöqtələri olur ki, onlar həmin millətin gələcək inkişaf xəttini və azadlıq iradəsini müəyyənləşdirir. Azərbaycanın müasir tarixində də milli özünüdərkin və azadlıq mübarizəsinin kütləvi xalq hərəkatına çevrildiyi əsas mərhələ məhz 17 Noyabr-Milli Dirçəliş Günüdür.
Bu sözləri Operativ Media-ya deputat Kamran Bayramov deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə formalaşdırdığı güclü mənəvi, ideoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər Birliyinin süqutu ərəfəsində xalqımızın ən etibarlı dayağına çevrildi:
“Artıq illərdir ki, noyabrın 17-si ölkəmizdə Milli Dirçəliş Günü kimi böyük ehtiramla qeyd olunur. Tarixi kökləri 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda vüsət alan milli-azadlıq hərəkatına söykənən bu əlamətdar gün xalqımızın mübarizə əzminin rəmzidir. Həmin dövrdə SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında yürütdüyü qərəzli və anti-Azərbaycan siyasəti ölkədə genişmiqyaslı etiraz dalğasına, antisovet xalq hərəkatının təşəkkül tapmasına səbəb oldu.
1988-ci il noyabrın 17-də Bakının mərkəzi sayılan Azadlıq (keçmiş Lenin) meydanında milyonlarla insanın meydana axışaraq Moskvanın ədalətsiz mövqeyinə qarşı vahid mövqedən çıxış etməsi imperiya mərkəzini ciddi narahat edirdi. Dekabrın əvvəllərində aksiyalar SSRİ daxili qoşunlarının müdaxiləsi ilə dağıdılsa da, Moskva Azərbaycan xalqının qəlbində alovlanan azadlıq məşəlini söndürə bilmədi. 1989-cu ilin sentyabrında Ali Sovet tərəfindən Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi imperiya rəhbərliyini daha da qəzəbləndirdi və nəticədə 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakıya silahlı qoşun hissələri yeridildi. Dinc mitinq iştirakçılarına qarşı ağır hərbi texnika və odlu silahdan istifadə olunması nəticəsində yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi. Lakin bu qanlı cinayət xalqımızın milli qürurunu sındırmaq əvəzinə, azadlıq hərəkatını dönməz bir prosesə çevirdi. Tarixi reallıqlar göstərir ki, 1988-ci ilin xalq hərəkatı dalğalarında Azərbaycana rəhbərlik edən o zamankı siyasi dairələr yaranmış mürəkkəb situasiyanı düzgün qiymətləndirə bilmədilər. Xalqın taleyüklü maraqlarından daha çox öz siyasi karyeralarını düşünən və hələ də imperiya mərkəzinin təlimatları ilə hərəkət edən şəxslərin milli mübarizə ruhundan uzaq olması nəticə etibarilə xalqımıza qarşı 20 Yanvar faciəsinin törədilməsinə gətirib çıxardı. Həmin dövrdə hakimiyyətdə bir-birini əvəz edən səriştəsiz qüvvələrin xalqın dirçəliş və oyanış enerjisini düzgün məcraya yönəltmək iqtidarında olmadığını aydın dərk edən cəmiyyət çıxış yolunu yenə də Ulu Öndər Heydər Əliyevdə gördü.
Məhz bu etimadın təzahürü olaraq, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Dövlət Bayrağı kimi qəbul edildi və eyni addımın atılması üçün Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı.
1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında tarixi çıxış edən Heydər Əliyev ölkənin gələcək mübarizə və inkişaf strategiyasını belə ifadə etdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli Lider bütün siyasi fəaliyyəti boyu bu müqəddəs amala sadiq qalaraq xalqın və dövlətin istiqlalı naminə fədakarlıqla çalışdı və müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olduğunu bəyan etdi. Beləliklə, milli dirçəliş ideyasından dövlət müstəqilliyinə və ümummilli tərəqqiyə uzanan şərəfli yolun möhkəm təməli qoyuldu. Bu inkişaf yolunda ölkəmiz mühüm nailiyyətlərə imza ataraq Cənubi Qafqazın lider dövlətinə, qlobal əhəmiyyətli beynəlxalq layihələrin əsas təşəbbüskarına çevrildi. Ulu Öndərin həyata keçirdiyi qətiyyətli və təxirəsalınmaz tədbirlər nəticəsində bir tərəfdən milli maraqlarımızı qorumağa qadir nizami ordunun qurulması və torpaqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıldı, digər tərəfdən isə bütün siyasi və diplomatik kanallar işə salınaraq 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət daşıyan atəşkəs rejiminə nail olundu. Ümummilli Lider Heydər Əliyevin ömrünü həsr etdiyi bu dövlətçilik xətti son 23 ildə Prezident İlham Əliyevin uzaqgörən və müdrik liderliyi ilə yeni mərhələyə qədəm qoydu, Azərbaycan öz iqtisadi və hərbi potensialını dəfələrlə artırdı. Dövlət başçısı ən mötəbər beynəlxalq tribunalardan dəfələrlə bəyan edirdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı faktı ilə barışmayacaq. Nəticə etibarilə, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bundan altı il əvvəl – məhz Milli Dirçəliş Günü ərəfəsində mübarizə tariximizin ən şanlı səhifəsini yazaraq bütün dünya üçün əlçatmaz görünən hədəfə çatdı. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu təxminən 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etdi, dövlətimizin ərazi bütövlüyünü tam bərpa etməklə xalqımızın milli ləyaqətini və qürurunu özünə qaytardı. Liderinin ətrafında dəmir yumruq kimi sıx birləşən xalqımızın sarsılmaz həmrəyliyi bütün dünyaya sübut etdi ki, heç bir xarici qüvvə Azərbaycanın azadlıq və müstəqillik iradəsinin qarşısını ala bilməz.
Bu gün tam aydınlığı ilə görünür ki, xalqımızın ən böyük arzusu olan bu tarixi Qələbə təkcə 44 günün nəticəsi deyil. Bu Zəfərə aparan yol torpaqları işğal olunmuş, ağır iqtisadi böhranla üzləşmiş, yurd-yuvasından didərgin düşmüş bir xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından, Azərbaycan dövlətçiliyini parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdiyi taleyüklü günlərdən başlanır. Bu Qələbə Heydər Əliyevin Azərbaycanı beynəlxalq aləmə tanıtdığı, nüfuzlu dövlətlər və qlobal təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq qurduğu illərdən, hüquqi dövlət quruculuğu və milli iqtisadiyyatın dirçəldilməsi istiqamətində görülən fundamental işlərdən qaynaqlanır. Bütövlükdə bu Zəfər Ulu Öndərin müəllifi olduğu uğurlu neft strategiyasının bəhrəsi və onun Azərbaycana Prezident İlham Əliyev kimi qətiyyətli lider, müzəffər Sərkərdə bəxş etməsi sayəsində reallığa çevrildi. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə çoxəsrlik dövlətçilik tariximizin ən parlaq zirvəsidir. Bir sözlə, 17 Noyabr-Milli Dirçəliş Günü müstəqil dövlətçiliyimizin ideoloji təməli və xalqımızın azadlıq iradəsinin təntənəsi kimi tariximizdə müstəsna yer tutur. Müasir dövrdə də bu şanlı günün mahiyyətini gənc nəslə aşılamaq lazımdır. Gənclərimiz dərk etməlidirlər ki, milli dirçəliş sadəcə keçmişdə qalmış bir tarix deyil, həm də bu gün ölkəmizin elmi, mədəni və iqtisadi yüksəlişinə töhfə vermək kimi davamlı bir vətəndaşlıq məsuliyyətidir. Məhz bu tarixi yaddaşa sahib çıxan gənclik gələcəkdə də Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyi kimi qoruyacaqdır”.