Gələn ildən bank əmanətlərinin faiz gəlirlərinə vergi tətbiq oluna bilər
Deputat Vüqar Bayramov banklarda yerləşdirilən əmanətlər üzrə gəlir vergisi güzəştinin müddətinin daha 3 il uzadılmasını təklif edib.
Operativ Media xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, gələn ildən etibarən Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra güzəştlərin müddəti başa çatır. Lakin dəyişikliklər paketində fiziki şəxslərin bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən güzəştin müddətinin uzadılması nəzərdə tutulmayıb.
Qeyd edək ki, hazırda yerli banklar və xarici bankların Azərbaycandakı filiallarında fiziki şəxslərin milli valyutada olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Eyni zamanda, milli valyutada olan depozit 18 ay və daha artıq müddətə yerləşdirildikdə və əsas məbləğ 18 aydan tez olmayaraq ödənildikdə, faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.
Deputatın sözlərinə görə, güzəşt müddətinin uzadılmaması nəticəsində gələn ildən bir bankda milli valyutada olan depozitlər üzrə aylıq faiz gəlirlərinin 200 manatdan artıq hissəsi gəlir vergisinə cəlb olunacaq. Məsələn, aylıq faiz gəliri 500 manat olan əmanətin 300 manatlıq hissəsinə vergi tətbiq ediləcək.
Vüqar Bayramov qeyd edib ki, əmanətlər üzrə güzəştlər bank sektorunda depozitlərin strukturunun dəyişməsinə və müddətli əmanətçilərin sayının artmasına müsbət təsir göstərib.
O bildirib ki, hazırda bankların öhdəliklərinin 76,4 faizini və ya 41,8 milyard manatını depozit portfeli təşkil edir. Bu portfelin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin əmanətlərinin payına düşür.
Deputatın təqdim etdiyi məlumata əsasən, fiziki şəxslərin əmanət portfelinin 64,7 faizi müddətli əmanətlərdən ibarətdir. Güzəştlərin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.
V.Bayramovun fikrincə, bankların uzunmüddətli depozitlərə ehtiyacını nəzərə alaraq, 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlər üzrə gəlir vergisi güzəştinin daha 3 il uzadılması məqsədəuyğundur.
Deputat hesab edir ki, güzəştlərin davam etdirilməsi bank sektorunda uzunmüddətli öhdəliklərin payının artırılmasına və iqtisadi hədəflərin dəstəklənməsinə xidmət edə bilər.
O, bu təklifi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da təqdim etdiyini bildirib.