İş və ailə həyatını uzlaşdırmaq: Azərbaycanda işləyən valideynlər üçün hansı təminatlar var?
Müasir dövrdə işləyən valideynlər üçün ailə öhdəlikləri ilə karyeranı uzlaşdırmaq ciddi problemlərdən birinə çevrilib. Uşaq bağçalarında yer çatışmazlığı, iş qrafikinin çevik olmaması, uşaq baxımı ilə bağlı xərclər və işəgötürənlərin yanaşması valideynlərin əmək fəaliyyətinə təsir göstərir. Azərbaycanda qanunvericilik qadınlar və azyaşlı uşaqları olan valideynlər üçün bir sıra güzəştlər və təminatlar nəzərdə tutsa da, bu hüquqların praktikada tətbiqi ilə bağlı müəyyən çətinliklər qalmaqdadır.
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Operativ Media-ya bildirib ki, qadınların əmək hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə kifayət qədər geniş güzəştlər mövcuddur.
Onun sözlərinə görə, bu təminatların əsas məqsədi qadınların əmək fəaliyyətini davam etdirməsinə, eyni zamanda ailə və uşaqlarla bağlı öhdəliklərini yerinə yetirməsinə şərait yaratmaqdır. Lakin güzəştlərin tətbiqi ilə bağlı maliyyə və təşkilati yükün əsasən işəgötürənlərin üzərinə düşməsi praktikada qadınlara qarşı gizli ayrı-seçkiliyə səbəb ola bilər.
S.Məmmədov qeyd edib ki, kişilər üçün də uşağa qulluqla bağlı müəyyən təminatlar nəzərdə tutulub. Xüsusilə arvadı doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişli məzuniyyət verilməsi bu istiqamətdəki hüquqlardan biridir.
Qanunvericilik işləyən valideynlərə hansı güzəştləri verir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsində qadınların və azyaşlı uşaqları olan valideynlərin əmək hüquqlarının qorunması ilə bağlı geniş təminatlar nəzərdə tutulub.
Məcəllənin 16-cı maddəsinə əsasən, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olanlara və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əlavə güzəştlərin və təminatların verilməsi ayrı-seçkilik hesab edilmir.
Əmək Məcəlləsinin 52-ci maddəsinə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınların işə qəbulunda sınaq müddəti müəyyən edilə bilməz. 66-cı maddə ilə hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, eləcə də uşağını təkbaşına böyüdən kişilər attestasiyadan azad edilən şəxslər sırasına daxil edilib. Eyni kateqoriyadan olan şəxslərin sertifikasiyaya cəlb edilməməsi isə 67-1-ci maddədə nəzərdə tutulub.
Bununla yanaşı, Məcəllənin 79-cu maddəsi hamilə qadınların, üç yaşınadək uşağı olan qadınların və həmin yaşda uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinə xitam verilməsini məhdudlaşdırır.
İş vaxtı ilə bağlı da xüsusi təminatlar mövcuddur. Məcəllənin 91-ci maddəsinə əsasən, hamilə və yaş yarımadək uşağı olan qadınlar, eləcə də üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün həftədə 36 saatdan artıq olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Bu işçilərin qısaldılmış iş vaxtında çalışması əməkhaqlarının mütənasib şəkildə azaldılması üçün əsas sayılmır.
94-cü maddəyə əsasən, hamiləlik, əlillik, xroniki xəstəliyi olan uşağın və ya digər ailə üzvünün sağlamlıq vəziyyəti ilə əlaqədar natamam iş vaxtı tələb olunduqda, müvafiq tibbi rəyə əsasən işəgötürən belə iş rejimini müəyyən etməlidir. Həmçinin 14 yaşına çatmamış və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınların müraciəti əsasında natamam iş günü və ya iş həftəsi müəyyən edilə bilər.
Qanunvericilik hamilə və üç yaşınadək uşağı olan qadınların gecə işlərinə cəlb olunmasına da yol vermir.
Əlavə məzuniyyət hüquqları da nəzərdə tutulub. Belə ki, 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü, üç və daha çox uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə beş təqvim günü əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən atalar və uşaqları övladlığa götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər.
Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, qadınlara hamiləliyə və doğuşa görə 126 təqvim günü, qanunvericilikdə nəzərdə tutulan hallarda isə 180 günədək məzuniyyət verilir. Yeni doğulmuş uşağı övladlığa götürən qadınlar üçün də müəyyən hallarda ödənişli məzuniyyət hüququ nəzərdə tutulub.
Bundan başqa, xroniki xəstəliyi olan uşağa qulluqla bağlı tibbi rəy əsasında valideynlərdən birinə və ya uşağa bilavasitə qulluq edən digər ailə üzvünə uşaq dörd yaşına çatanadək ödənişsiz məzuniyyət verilə bilər. 16 yaşınadək uşağı olan qadınlar, tək valideynlər, qəyyumlar və himayədarlar da 14 təqvim gününədək ödənişsiz məzuniyyət hüququna malikdirlər. Arvadı doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə isə 14 təqvim gününədək ödənişli məzuniyyət verilir.
Hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl və ya sonra əmək məzuniyyətindən istifadə etmək də mümkündür. Eyni zamanda 14 yaşınadək iki və daha çox uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara əmək məzuniyyətinin onlar üçün əlverişli vaxtda verilməsi nəzərdə tutulur.
Qanunvericilik hamilə və azyaşlı uşağı olan qadınların iş şəraitinə də xüsusi tələblər qoyur. Belə ki, qadınla hamilə olması və ya üç yaşına çatmamış uşağının olması səbəbindən əmək müqaviləsi bağlamaqdan imtina edilə bilməz. Hamilə qadınlar tibbi rəyə uyğun olaraq daha yüngül işə keçirilə, hasilat və xidmət normaları azaldıla bilər. Yaş yarımına çatmamış uşağı olan qadınlar da zəruri hallarda başqa yüngül işlə təmin edilməlidir. Bu zaman əvvəlki vəzifə üzrə orta əməkhaqqı saxlanılır.
Yaş yarımına çatmamış uşağı olan qadınlara uşağın yedizdirilməsi və ya əmizdirilməsi üçün hər üç saatdan bir, azı 30 dəqiqə əlavə fasilə verilməlidir. İki və daha çox belə uşağı olan qadınlar üçün fasilənin müddəti azı bir saatdır. Bu fasilələr iş vaxtına daxil edilir və həmin müddət üçün orta əməkhaqqı saxlanılır.
Hamilə, 14 yaşınadək və ya sağlamlıq imkanları məhdud uşağı olan, eləcə də tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların müraciəti ilə natamam iş vaxtı müəyyən edilə bilər. Hamilə və üç yaşınadək uşağı olan qadınların özlərinin və uşaqlarının tibb müəssisələrində müayinədən keçdiyi günlərdə isə orta əməkhaqqı saxlanılır.
Qeyd edək ki, azyaşlı uşaqları olan qadınlar üçün nəzərdə tutulan bir sıra hüquq və təminatlar müəyyən səbəblərdən uşaqlarını anasız təkbaşına böyüdən atalara, eləcə də uşaqların qəyyumlarına və himayədarlarına da şamil edilir.
Valideynlər praktikada hansı çətinliklərlə üzləşirlər?
Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov bildirib ki, Azərbaycanda valideynlər, xüsusilə azyaşlı uşaqları olan ailələr vaxt bölgüsü və uşaqlara qayğı ilə bağlı ciddi çətinliklərlə qarşılaşırlar.
Onun sözlərinə görə, bu problemlər valideynlərin ailə öhdəlikləri ilə karyera və iş həyatını paralel şəkildə davam etdirməsinə mane olur. Bəzi hallarda uşaqlarla bağlı zərurətlərə görə tez-tez məzuniyyət götürülməsi və işdən icazə alınması işəgötürənlərin həmin şəxslərə münasibətinə təsir edir və onların işə cəlb olunmasında problemlər yaradır.
R.Əsgərov hesab edir ki, iş yerlərində uşaqlara qayğı ilə bağlı əlavə güzəştlərin tətbiqi vacibdir. Məsələn, valideynlərə iş gününün sonunda yarım saat və ya bir saat əvvəl işdən çıxmaq imkanı yaradılması müəyyən qədər kömək edə bilər. Bununla belə, ekspert vurğulayıb ki, bu cür tədbirlər bütün problemləri həll etmir.
O, xüsusilə uşaq bağçalarının əlçatanlığı və məktəb seçimi ilə bağlı çətinliklərə diqqət çəkib. Şəhərin müxtəlif ərazilərində bağçaların sayının az, müraciət edənlərin sayının isə çox olması uşaqların məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilməsini çətinləşdirir. Regionlardan Bakıya köçən ailələr isə qeydiyyat məsələlərinə görə yaşadıqları əraziyə yaxın məktəblərdə övladlarının təhsil almasını təmin etməkdə problemlərlə qarşılaşırlar.
Ekspertin fikrincə, bu çətinliklər gənc ailələrin məşğulluq imkanlarına, karyera inkişafına, uşaqların təhsil və sağlamlıq məsələlərinə də təsir göstərir. Buna görə ailə planlaşdırılması zamanı valideynlərin maddi imkanları və təminat vəziyyəti də nəzərə alınmalıdır. Bu sahədə maarifləndirmənin artırılması, dövlət və özəl sektorun, qeyri-hökumət təşkilatlarının və icmaların dəstəyindən istifadə edilməsi problemlərin həllinə kömək edə bilər.
İşəgötürənlər hansı əlavə imkanlar yarada bilər?
İnsan Resursları üzrə ekspert Süleyman Şaheldiyev bildirib ki, müasir dövrdə iş və ailə həyatının uzlaşdırılması həm işçilər, həm də işəgötürənlər üçün getdikcə daha aktual məsələyə çevrilir.
Onun sözlərinə görə, Azərbaycan Əmək Məcəlləsində işləyən valideynlər üçün natamam iş vaxtı, əlavə məzuniyyət, uşağın üç yaşına qədər sosial məzuniyyət, gecə növbəsi və iş vaxtından artıq işə cəlb olunma ilə bağlı müxtəlif təminatlar nəzərdə tutulub.
Ekspert 2026-cı ildən atalara uşağın doğulması ilə əlaqədar 14 günlük ödənişli məzuniyyət verilməsini və “ailə vəzifələri olan işçi” anlayışının qanunvericiliyə daxil edilməsini valideynlərin ailə öhdəliklərini yerinə yetirməsinə dəstək baxımından mühüm addımlar kimi qiymətləndirib.
S.Şaheldiyev qeyd edib ki, işəgötürənlərin əsas vəzifələrindən biri əməkdaşları malik olduqları hüquqlar barədə vaxtında məlumatlandırmaq və həmin hüquqlardan istifadəni asanlaşdırmaqdır. Xüsusilə atalıq məzuniyyətinin təşviqi uşaq tərbiyəsində hər iki valideynin iştirakını artırır və ailədaxili məsuliyyət bölgüsünün daha balanslı qurulmasına şərait yaradır.
Ekspertin fikrincə, işləyən valideynlər üçün ən praktik həll yollarından biri çevik iş qrafikidir. İşə gəliş və gediş saatlarında müəyyən çevikliyin yaradılması valideynlərə uşaqlarını bağçaya aparmaq və vaxtında götürmək imkanı verə bilər. Bəzi şirkətlərdə tətbiq olunan “əsas iş saatları” modeli də bu baxımdan səmərəli hesab olunur. Bu modelə əsasən, əməkdaşların müəyyən saatlarda iş yerində olması tələb edilir, günün qalan hissəsi isə daha çevik planlaşdırılır.
S.Şaheldiyev məsafədən və hibrid iş modellərinin də ailə həyatına müsbət təsir göstərdiyini bildirib. Bu yanaşmalar yolda sərf olunan vaxtı azaldır, valideynlərə ailələrinə daha çox vaxt ayırmaq imkanı yaradır. Uşağın xəstələnməsi və ya gözlənilməz ailə vəziyyətlərinin yaranması zamanı qısamüddətli distant iş imkanı da valideynlərin əmək fəaliyyətini dayandırmadan ailə öhdəliklərini yerinə yetirməsinə kömək edə bilər.
Ekspert hesab edir ki, aydın iş məqsədləri və nəticəyönümlü idarəetmə ilə tətbiq olunan çevik iş modelləri həm əməkdaşların rifahını yaxşılaşdırır, həm də şirkətlərin fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir.
İş yerlərində uşaq zonaları yaradıla bilərmi?
İşləyən valideynlərin problemləri yalnız məzuniyyət və iş saatları ilə məhdudlaşmır. Uşaq bağçalarının əlçatanlığı, iş yerlərinin yerləşdiyi ərazilərdə uşaq baxımı imkanları və gözlənilməz ailə vəziyyətlərinə uyğunlaşmaq imkanları da mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan müəssisələrdə uşaqlar üçün ayrıca təhlükəsiz zonaların yaradılması, işçilərin uşaqlarını müəyyən müddət ərzində həmin ərazilərdə saxlaya bilməsi, eləcə də çevik və hibrid iş rejimlərinin tətbiqi əlavə dəstək mexanizmləri kimi nəzərdən keçirilə bilər.
Belə yanaşmaların genişləndirilməsi valideynlərin əmək bazarında iştirakını asanlaşdıra, ailə və karyera arasında seçim etmək məcburiyyətini azalda bilər.
Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb.


