Prezidentin sosial şəbəkə hesablarına qarşı hücumun detalları açıqlanıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında əvvəlki paylaşımlarda yer alan bəzi keçidlərin istifadəçiləri başqa səhifələrə yönləndirməsi Bitly xidmətində aşkarlanan təhlükəsizlik problemi ilə bağlı olub.
Operativ Media xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, məsələ yalnız Azərbaycana qarşı yönəlmiş hadisə deyil. Donald Tramp, Bill Qeyts və digər tanınmış şəxslərin, həmçinin ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB), Müdafiə Nazirliyinin, McDonald's və Burger King kimi şirkətlərin köhnə paylaşımlarında da oxşar problemlər aşkarlanıb.
Ekspertin sözlərinə görə, problem sosial şəbəkə hesablarının ələ keçirilməsi ilə deyil, internet keçidlərini qısaldan Bitly xidmətindəki təhlükəsizlik boşluğu ilə əlaqədardır. Belə ki, Prezident İlham Əliyevin də uzun illər əvvəlki paylaşımlarında istifadə edilmiş bəzi köhnə keçidlərdən sui-istifadə edilərək istifadəçilər tamamilə başqa məzmunlara yönləndirilib.
O.Gündüz qeyd edib ki, rəsmi paylaşımların özündə dəyişiklik edilməyib, lakin həmin paylaşımlardakı keçidlər başqa səhifələrə aparıb.
Onun fikrincə, baş verənləri yalnız Azərbaycana qarşı məqsədyönlü hücum və ya Prezidentin sosial hesablarının ələ keçirilməsi kimi qiymətləndirmək düzgün olmazdı.
Ekspert vurğulayıb ki, bu hadisə kibertəhlükəsizliyə fasiləsiz nəzarətin vacibliyini bir daha göstərir. Dövlət qurumları yalnız öz sistemlərini deyil, istifadə etdikləri xarici xidmətləri və texnologiyaları da mütəmadi auditdən keçirməlidirlər.
O, köhnə keçidlərin yoxlanılmasını, riskli olanların deaktiv edilməsini, mümkün qədər qurumların öz domenlərindən istifadə etməsini və üçüncü tərəf xidmətlərinə nəzarətin gücləndirilməsini tövsiyə edib.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunub.
Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.