21 gün döyüşlərin getdiyi Füzuli niyə ən çətin sədd sayılırdı?-TƏHLİL

admin
21 gün döyüşlərin getdiyi Füzuli niyə ən çətin sədd sayılırdı?-TƏHLİL

Vətən müharibəsində ilk atəşin açıldı ərazi Füzuli idi. Düşmənin hava hücumundan müdafiəsinin yarılması üçün cəbhəboyu göndərilən 20 “AN-2” təyyarəsinin 12-si də məhz bu istiqamətə göndərilmişdi. “Harop” ların ən çox istifadə edildiyi ərazi də Füzuli idi. “SU-25” bombardmançı təyyarələri gün ərzində Füzuliyə 4-5 uçuş həyata keçirirdi. Mövqelərə gün ərzində tonlarla bomba yağdırılırdı. Artilleriyanın fasilə vermədiyi yeganə cəbhə də Füzuli cəbhəsi idi. Amma Füzuli cəbhəsindən 21 gün xəbər çıxmadı. Bəs Füzulini keçmək niyə çətin idi?

"Operativ Media" xəbər verir ki, Füzulidə bir dayaq zolağı ilə birləşdirilmiş eşalonlardan ibarət müdafiə xətti var idi. Ermənilər bu istiqamətdə 120 kilometrlik eşelonlu müdafiə sistemi inşa etmişdilər. Hərkəs yaxşı bilirdi ki, Füzuli səddi keçilsə, Azərbaycan ordusunun önü tam açılırdı. Elə buna görə də ermənilər əsas gücü Füzuli və Ağdama yığmışdılar. 

Şimal istiqamətdən Füzuli Xocavəndin yüksəklikləri ilə əhatələnmişdi. Cənub istiqaməti isə düzənlik və xeyli tələlərdən ibarət eşalonlar idi. Füzuliyə hücum üçün 3 istiqamət seçilmişdi.
Döyüşün ilk günü birinci istiqamət olan Qaraxanbəylidən irəliləyən heyət ilk müdafiə xəttini yarmışdı. İki gün mühasirədə qalan Xüsusi Təyinatlılar çətin və keçilməz hesab edilən ilk xətti yarsalar da, sonradan bu istiqamətdən birbaşa təmas döyüşləri saxlanıldı.

27 sentyabrda ikinci hücum istiqaməti Aşağı Seyidəhmədli kəndi seçilir. Mina xəttinin çox olması, düşmənin gizli postlarının və bunkerlərinin “V” şəkilli qurulması keçidi çətinləşdirir. Bu istiqamətdə oktyabrın 17 –nə qədər artilleriya dueli baş tutub.
Füzulinin 3 –cü hücum istiqaməti də heç də asan müdafiə xətti sayılmırdı. Horadiz kəndi istiqamətində düşmən bütün ərazini kamera müşahidəsində saxlayırdı. Qarşı tərəf bu istiqamətdə elə mövqelənmişdi ki, hətta 7 oktyabrda mindən çox şəxsi heyətlə Horadiz kəndindən əks hücum etmişdi. Azərbaycan ordusu bu istiqamətdə 3 kilometrlik ərazidə düşmənin dayaq məntəqələrini məhv edərək irəliləmişdi.

Sentyabrın son günündə Azərbaycan ordusu Qaraxanbəyli istiqamətindən yenidən böyük bir hücuma başladı. Vətən müharibəsinin ən çətin döyüşlərindən biri olan bu əməliyyatda düşmənin ikinci müdafiə xəttinə böyük zərbə vurulur. Ermənistan tərəfi Füzuli döyüşlərinə görə şəxsi heyətin böyük bir hissəsini təltif edir. Azərbaycan ordusu isə Füzulinin azad olunması üçün tam fərqli bir plan seçir.
Cəbrayılın Nüzgar kəndindən müdafiə xəttini yaran ordu Hadrut istiqamətinə yönəlir. Hadrutun şərq istiqamətdən tutulması Füzulinin azad olunması üçün labüd idi. Bu müddət ərzində isə Füzulidə döyüşlər davam edir. 

Cəbrayıl şəhərinin və Hadrutun azad olunması Füzulinin taleyini həll edir. Azərbaycan Xüsusi Təyinatlıları Ağbulaq, Edilli kəndi istiqamətindən Füzulinin arxa hissəsinə sızırlar. Təsadüfən onlar düşmənin artilleriya batareyalarını aşkar edirlər. Ermənistan ordusunun diviziya komandirinə Cuvarlı kəndi istiqamətində 100 nəfər heyətin yaxınlışdığı barədə məlumat verilir. Qondarma rejimin qərargah rəisi olan Cəlal Arutunyana bu barədə məlumat verilsə də, o bölmənin özününkülərin olduğunu deyir. Elə bununla da Füzulidəki heyətin ölüm fərmanını verir.

XTQ bölmələri düşmənin iki artilleriya batareyasını məhv edir, digər heyət isə cənub qərbdən düşmən bölməsini halğaya alır. Məngələnata da daxil olmaqla 4 yükəskliyin götürülməsi 4 gün çəkdi. Bununla da Füzuli şəhəri əməliyyatı bitdi. Füzulinin Yuxarı Veysəlli kəndi isə 7 noyabrda azad edilir. Bununla da Vətən Müharibəsinin ən uzun müddət davam edən əməliyyatlarından biri kimi tarixə düşüb.

Digər xəbərlər