Taksi qiymətləri niyə artdı?
“Hazırda taksi xidmətlərinin gediş haqlarını qaldırması üçün hər hansı iqtisadi əsas yoxdur. Yəni qiymətlər süni şəkildə artırılır”.
Bunu “Operativ Media” ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
Ərşad Hüseynovun sözlərinə görə, qiymətlərin artımı əslində yanvar ayında gözlənilirdi. Artıq şirkətlər qiymət artımını indidən başladıb:
"Taksi qiymətləri dövlət tərəfindən tənzimlənmir. Bunu bazar özü tənzimləyir. Buna görə də hansısa qiymət artımı müşahidə olunursa, bunu həmin subyektlər özləri edirlər. Hazırda bazara təsir edəcək kənar iqtisadi səbəblər və ya inzibati səbəblər yoxdur. İnzibati səbəblərin bazara təsir edə biləcəyi yanvar ayından gözlənilir. Çünki taksi fəaliyyəti ilə bağlı müəyyən qaydalar var ki, yanvar ayının 1 dən qüvvəyə minəcək”.
Ərşad Hüseynov deyir ki, mütəmadi şəkildə qiymət artımlarına rəğmən xidmət keyfiyyətinin dəyişməz olaraq qaldığı müşahidə olunur. Bu da özlüyündə taksi fəaliyyəti ilə bağlı haqlı narazılıqların yaranmasına səbəb olur:
"Həm taksi fəaliyyəti ilə məşğul olanların özləri üçün problemlər var. Həm sərnişinlər üçün, həm də taksi fəaliyyətinə nəzarət edən qurumlarla bağlı problemlər var. Taksi fəaliyyəti ilə məşğul olanların mütləq əksəriyyəti bu işlə qeyri-leqal məşğul olurlar. Bəzi taksi sürücülərinin kobudluğu, təhlükəli hərəkət şikayətləri artırır. Məsələn hər gün görürsünüz ki, bir neçə taksi sürücüsündən şikayətlər olur. Yeni qaydalar qüvvəyə minərsə bu istiqamətdə müəyyən irəlləyişlərin olacağı gözləniləndir. Bununla da həm taksi fəaliyyəti üçün əlverişli şərait yaradılar, həm də xidmət keyfiyyəti yaxşılaşdırılar”.