“Buğdanın qiymətinin azalması çörək qiymətlərində də ucuzlaşma gözləntisi yaradır” - EKSPERT
Bu il Azərbaycana gətirilən buğdanın qiyməti kəskin azalıb. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 377 min ABŞ dolları dəyərində 1 milyon 94 min ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6,3% və ya 72,9 min ton, məbləğ baxımından isə 28,8% və ya 114,6 milyon ABŞ dolları azalıb.
Bəs bu çörəyin qiymətinin dəyişməsinə səbəb ola bilər?
Bu barədə iqtisadçı ekspert Xalid Kərimli “Operativ Media”ya açıqlamasında bildirib ki, Azərbaycanın ərzaqlıq buğdaya olan ehtiyacının 75 faizini idxal edir və təxminən 97-98 faizini məhz Rusiyadan gətirir.
Ekspert qeyd edib ki, qiymətlər həm də dünya bazarında düşüb:
"Gömrük Komitəsinin məlumatlarına baxanda da görürük ki, bu, zaman-zaman bazara gələn unların qiymətində ucuzlaşma şəklində müşahidə olunub, yəni Azərbaycanda da unun kissəsində təqribən 30 faizədək azalma var. Zavod çörəyinin qiymətində də iki dəfə 5 qəpiklik azalma müşahidə etmişik. Bu, kumulyativ bir statistikadır. Biz un bazarında qiymət düşüşlərini görmüşük. Ukrayna taxıl dəhlizində Rusiya müqaviləni dayandırandan sonra iyul ayında cüzi bahalaşma oldu. Amma avqust, sentyabr, oktyabr, noyabr aylarında biz mütəmadi olaraq taxıl qiymətlərinin ucuzlaşmasını görürdük. Demək olar ki, 1-3 faiz arası hər ay qiymət ucuzlaşıb. Bu o deməkdir ki, biz hələ son aylardakı ucuzlaşmanı çörək qiymətlərində müşahidə etməmişik. Baxmayaraq ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir, amma qiymətlər üzərində nəzarət var. Bu baxımdan mən güman edirəm ki, biz çörək qiymətlərində ucuzlaşma müşahidə edə bilərik. Amma bu, birmənalı 100 faiz olacaq və ya olmayacaq məsələsi deyil”.
X. Kərimlinin sözlərinə görə, dövlət, xüsusən İqtisadiyyat Nazirliyi çörək istehsalçıları ilə mütəmadi kontaktdadır və xərclərə, qiymətlərə baxıb razılaşdırılmış şəkildə davranırlar:
"Düzdür, bu, formal şəkildə belə deyil, amma bilirik ki, un və dəyirman istehsalçılarının ictimai birliyi var və hökumətlə daima yaxından işləyir, qiymətlərin kəskin hərəkətini tənzimləyirlər. Bu baxımdan xüsusən də son aylarda qiymətdə ucuzlaşmalar var və biz bunu ən azından çörək qiymətlərində ucuzlaşma olaraq gözləməkdə haqlıyıq. Amma bu, bir neçə oyunçunun kontrolunda olan qiymətlərdir və hökumətlə intensiv koordinasiya şəklində fəaliyyət göstərirlər. İstənilən halda qiymətlərin azalması çörək qiymətlərində ucuzlaşma gözləntimizi yaradır”.