Quzu əti niyə bahalaşıb?
Bakıda və rayonlarda quzu ətinin qiymətində bahalaşma müşahidə olunub.
Belə ki, bir neçə gün əvvəl qiyməti 16-17 manat arası olan quzu ətinin bir kiloqramı artıq 20 manata təklif olunur.
Bəs bu bahalaşma nə ilə əlaqədardır?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov mövzu ilə bağlı fikirlərini “Operativ Media” ilə bölüşüb.
O, bahalaşmanın əsas səbəbini xırdabuynuzlu heyvanların sayının kəskin azalmasında görüb:
“Son bir ildə 770 min başdan çox xırdabuynuzlu heyvanın sayında azalma var. Bu, o deməkdir ki, qoyunların da sayı azalıb və bunun nəticəsi olaraq da quzuların sayında azalma müşahidə olunur.
Bundan başqa bəzi qeyri-peşəkarlar heyvanların çox yaşı olduğu zaman kəsilməsi təşəbbüsünü irəli sürdülər. Onların fikrincə, ölkədə ət çatışmazlığının və ətin qiymətinin baha olmasının səbəbi onunla bağlıdır ki, quzuları kəsirlər və ölkədə ətin istehsalının artmasına imkan vermirlər.
Lakin bu səhv düşüncə idi, çünki bütün heyvanların ilk vaxtlarında inkişaf prosesi sürətli gedir və çəki artımı da daha çox olur. Bu səbəbdən bir gündən 6 ay müddətinə kimi quzuları saxlamaq və sonradan kəsimə vermək sahibkarlara da sərf edir. Ona görə ki, saxladıqca heyvanın xərcləri də çoxalır.
Beləliklə, dövlət də həmin fikirləri dəstəkləyib və quzuların kəsiminə qeyri-formal olsa da, qadağa var. Bu zaman hansısa fermer quzu kəsirsə, gəlirinin bir hissəsini bölüşdürməli olacağını nəzərə alaraq, qiyməti artırır”.
