Şadlıq saraylarında rezervasiyalar niyə azalıb?
“Şadlıq saraylarında toylar azalıb. Sifarişlərin kəskin azalması artıq bir neçə aydır ki, müşahidə edilir”.
Bunu “Operativ Media”ya açıqlamasında paytaxtdakı restoranların bir neçəsinin inzibati işlərini görən Cabbar Şükürov deyib.
Cabbar Şükürovun sözlərinə görə, Əvəllər Ramazan ayı başlamazdan əvvəl bir çox restoranlarda toy etmək üçün yer tapmaq çətin olurdu. Bu il isə vəziyyət tam fərqlidir:
“Müştəri sayında 40 faizə qədər azalma var. Keçən il bu vaxtlar boş günümüz yox idi. İndi mart ayı üçün cəmi 3 toy sifarişi var. Deyəsən insanlar toy etmək istəmir. Bu bir ya iki restoranda deyil, əksəriyyətində müşahidə edilir. Hər il bilirdik ki, yanvar ayında toy az olur. Yanvar ayı çox zəif oldu. Amma, insanlar toy üçün aylar əvvəldən yazılırdılar. İndi heç ümumi maraqlanan da yoxdu”.
Cabbar Şükürovun sözlərinə görə, menyu qiymətlərində hələ ki, artım yoxdur. Amma, məhsulların qiymətinin artımı bahalaşmanı qaçılmaz edir:
“Qiymətlər eyni qalıb. Menyu 45 manatdan başlayır, 120 manata kimi davam edir. Menyu məhsul çeşidinə görə, dəyişir. Çeşid nə qədər çox olarsa, qiymət də ona uyğun artır. Amma, faktiki olaraq firmalardan artımlı qiymətlərlə məhsulu alırıq. Toy sayı az olduqca, xərclər də çox olur”.