http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Bu şəhərdə kimsə yoxdur"un hər bölümündə xüsusi sürprizlər olacaq" - Amiran Babayev ilə MÜSAHİBƏ

01 Mart 2024 , 15:05
"Bu şəhərdə kimsə yoxdur"un hər bölümündə xüsusi sürprizlər olacaq" - Amiran Babayev ilə MÜSAHİBƏ

Amerikanın "Readers' Favorite" beynəlxalq kitab müsabiqəsinin qalibi Rövşən Abdullaoğlunun milli bestseller olmuş "Bu şəhərdə kimsə yoxdur" romanının motivləri əsasında çəkilən eyniadlı teleserial bu gün saat 22:00-da "Xəzər TV"nin efirində yayımlanacaq.

Serialın baş prodüseri Amiran Babayev “Operativ Media”ya müsahibə verib. O, tamaşaçıları maraqlandıran bir çox sualları cavablayıb, serialın çəkiliş prosesindən bəhs edib.

Fotoğraf açıklaması yok.

Müsahibəni təqdim edirik:

- Amiran bəy, ilk olaraq, romanı oxuyanları da maraqlandıran sual budur ki, serialda kitabdan fərqli olan hansi situasiyalarla qarşılaşacağıq?

- Romandan fərqli olaraq serialda cərəyan edən hadisələrin hamısı Azərbaycan reallığına uyğunlaşdırılıb. Amma süjet xətti, təsirli səhnələr, ötürülən mesajlar qalır. Serialda narkomaniya, xərçənglə mübarizə, məktəbdə bullinq, selektiv abort, ailədaxili konfiliktlərin uşaqların psixologiyasında silinməz izlər buraxması, vətən məhəbbəti, həqiqi dostluğun inanılmaz qüvvəsi, milli-əxlaqi dəyərlərdə qadına xüsusi mövqe verilməsi və s. öz əksini tapıb. Bu barədə bir neçə dəfə Rövşən Abdullaoğlu müsahibələrində də deyib ki, serial budur, əslində, hazırkı serialın ssenarisi “Bu şəhərdə kimsə yoxdur” romanının hələ çap olunmamış versiyasıdır. Yəni hələ çap olunmamış romanın motivləri əsasındadır, bu sonra çap olunacaq, bir sözlə, yeni bir roman gəlir.

- İlk dəfə serialın fevralda tamaşaçılara təqdim olunacağı deyilmişdi. Marta qədər gecikməsinə səbəb nə oldu?

- Əslində, elə də gecikmə olmadı. Düzü, biz serial deyirik, amma bu, ümumi olaraq bir filmdir. Nə mənada? Serialın hər bir şeyi, məsələn, ona ayrılan zaman, xərclənən ümumi əziyyət filmə görə daha az olur. Buna görə də bizim çəkdiyimiz filmdir. Elə insanlar bu filmi paylaşıblar ki, bu, həqiqətən, bizə çox xoş təsir edir. Hətta belə bir paylaşım var idi: “Tezliklə “Xəzər TV”-yə kino kimi serial gəlir”. Bu bizə ləzzət etdi. Gecikməyə gəldikdə isə, buna əsas səbəb məkanlarla bağlı oldu. Təsəvvür edin ki, bizim birinci bölümümüzdə, demək olar, bütün dövlət qurumları var və bu inanılmazdır. Düşünün, bunların hər biri ilə ayrı-ayrılıqda danışıqlar, icazələrin alınması, vaxtın təyin olunması və s. vaxt alır. Çox nadir hallarda seriallarımıza bu cür böyük qurumlardan dəstək olur. Bu da layihənin nə dərəcədə ciddi və geniş auditoriyaya ünvanlanması ilə əlaqədardır. Bizdə isə 1-ci bölümün içində əməlli-başlı müharibə səhnələri var, bildiyiniz partlayışlar, güllələr, tanka qədər hər bir şey var. Bütün bunlar bir az zaman aldı, amma yenə də çalışdıq ki, təyin olunan vaxtı çox keçməsin.

- Serialın neçə bölüm olması, hər bölümün neçə dəqiqə davam etməsi planlaşdırılıb?

- Ümumi olaraq, serial 2 sezonluq nəzərdə tutulub. 1-ci sezon 24 seriya, 2-ci sezon isə 16 seriyadan ibarət olacaq. Serial bu gün 22:00-da başlayacaq, nə qədər davam etməsini deyə bilmərəm, amma onu deyim ki, bizdə neçə bölüm olacaqsa, hər bir seriyanın öz adı olacaq, eynən xarici seriallardakı kimi. Məsələn, serialın özünün ümumi adı “Bu şəhərdə kimsə yoxdur”dur, amma ilk bölüm “Qara NİVA” adlanır. Həmçinin qeyd edim ki, “Xəzər TV”nin bütün izləyicilərə xüsusi bir sürprizi var. Ona görə də, gözlərini qaçırmadan ekranı izləsinlər. Bu, “Xəzər TV”nin xüsusi bir yanaşmasıdır, nə olduğunu açıqlaya bilmərik, amma televiziyaya buna görə təşəkkür edirik.

- Dediyiniz sürpriz ancaq ilk bölümü əhatə edir?

- Xeyr, bütün bölümlərdə olacaq.

- Gözləntiləriniz nədir? Sizcə, izləyicilərin ilk bölümdən təəssüratları necə olacaq?

- Gözləntilərimiz çox müsbətdir. Bu cür layihəni işlədiyimiz üçün mən çox xüsusi bir yanaşma gözləyirəm. Biz hələ ki, ərsəyə gətirmə mərhələsindəyik, yəni proses hələ davam edir, amma maraqlananlar, soraqlayanlar çoxdur. İnsanların məlumatsız olduğu bir layihə başlayanda belə səs-soraq doğurur. Rövşən müəllimin ən çox satılan, 27 dəfə təkrar nəşr edilmiş bu kitabı minlərlə insana ümid, həyata sarılmaq üçün səbəb verib, bir çoxlarını intiharın astanasından belə qaytarıb. Belə bir əsəri ekranlaşdırmaq böyük işdir. Düşünürəm ki, tamaşaçılar sevərək baxacaqlar. İnşallah, Allah utandırmaz.

- Çəkilişlər təkcə Bakıda olub?

- Yox, təkcə Bakıda deyil, Bakı ətrafı ərazilərdə də olub. Bəzi yerlərin adlarını açıqlaya bilmirik, sırf müharibə səhnələri olan, hansı ki Müdafiə Nazirliyi ilə birlikdə o səhnələr çəkilib. Ümumi olaraq dövlət qurumlarına xüsusi təşəkkürüm var. DİN, Baş Prokurorluq, Müdafiə Nazirliyi, TƏBİB, Yeni Klinika, Fövqəladə Hallar Nazirliyi, hamısı var və hadisələr çarx kimi fırlanır. Mən şəxsən televiziyada yayımlanan seriallarda belə bir səhnə işinə nadir hallarda rastlaşmışam.

- Serial-film sektorunun hansı problemlərindən danışa bilərsiniz?

- Çox istərdim ki, bu sektorun maliyyə və s. məsələlərini həll etsinlər. Çünki getdikcə bu yanaşmalar düzəlməlidir ki, bizim ölkədə serial-film sahəsi inkişaf edə bilsin, daha maraqla qarşılansın. Biz də nə çəkəcəyimizi bilək, yəni sıravi şəkildə olmasın. Bu sahədə çalışanlar hamısı dostlarımızdır, amma məkan azlığı insanları yorur. Sonra da insanlar düşünürlər ki, bizdə bu sahə zəifdir. Təbii ki, bunların bir çoxu müəyyən qədər də maliyyə ilə bağlıdır, adətən də televiziyalar belə böyük işlərə girmək istəmirlər. Çox sevilən quruluşçu rejissor Rüfət Şahbazovun dəst-xətti də fərqlidir. O, elə bir yanaşma ilə təsirli səhnələri çəkir ki... Həmçinin əzmkarlıq məsələsi də var. Ən önəmli məsələlərdən biri də odur ki, sektorun inkişaf etməsi üçün sən öz gücünü göstərməlisən. Bəzən şirkətlər ancaq pul qazanmağa çalışırlar. Məsələn, 3 manatdırsa, çalışırlar onun yarıdan çoxu onların qazancı olsun. Mən deyərdim ki, inkişaf indi başlayırsa bu sahədə, əzmkarlıq çoxalmalıdır. Biz xalq olaraq çətin yollardan keçmişik, hamısı zamanla düzəlib. Əminəm ki, serial-film sektoru da gec-tez düzələcək və qaydasına düşəcək. İnanın ki, hazırda bizim çəkdiyimiz əziyyət, şirin, dadlı əziyyətdir, çünki sevərək edirik.

Bir çox məşhur Azərbaycan serial və filmlərin rejissoru Rüfət Şahbazov da “Operativ Media”ya açıqlamasında bildirib ki, serialın çəkilişlərinə təxminən ay yarım, 2 ay əvvəl başlanılıb:

Fotoğraf açıklaması yok.

“Çəkiliş zamanı müəyyən standart problemlər oldu, yəni hər setdə olan məsələlərdir. Lakin serial Rövşən Abdullaoğlunun bestsellerinin birəbir eynisi deyil. Böyük bir komanda ilə çalışırıq. Büdcə məsələsi kommersiya sirri olduğuna görə bu barədə məlumat verə bilmirik, amma onu deyə bilərəm ki, büdcə nə əladır, nə də pisdir, orta səviyyədədir. Təbii ki, daha çox olsaydı, daha yaxşı olardı, lakin yenə də qaneedicidir”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

XƏBƏR LENTİ
  • 22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
  • 21:53

    Türkiyədə iki mikroavtobus toqquşub, 14 nəfər xəsarət alıb
  • 21:24

    Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO
  • 21:07

    Şahbaz Şərifə müavin təyin edilib
  • 20:45

    Tiflisdə müxalifət mitinq keçirir
  • 20:28

    Paşinyan və Blinken arasında telefon danışığı olub
  • 20:16

    "Neftçi" "Turan Tovuz"u əliboş yola saldı
  • 20:03

    Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
Menyu