Azərbaycanda qadınların iş şəraiti və qarşılaşdıqları problemlər - ARAŞDIRMA
İşləmək insanların təməl haqlarından biridir. Bu gün çalışan qadınların sayı getdikcə artmaqdadır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qadınlar iş həyatında müxtəlif çətinliklərə məruz qalır.
“Operativ Media” Azərbaycanda qadınların iş həyatı və iş həyatında qarşılaşdıqları problemlərlə bağlı araşdırma aparıb:
İlk olaraq statistik məlumatlara nəzər salaq:
Dövlət Statistika Komitəsinin 2024-cü ilin may ayına olan məlumatına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 300 mindən çox olub. Bu gün qadınların mövcud potensialından istifadə olunması cəmiyyətimizin tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda həm qlobal səviyyədə, həm də ölkədə qadın sahibkarlığının çəkisinin artması müşahidə edilir, qadınlar kiçik biznes qurmağa, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər.
Komitənin məlumatına görə, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.
Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Sosioloq Əhməd Qəşəmoğlu qadınların iş həyatındakı ən böyük problemini kişilərin onlara qarşı olan yanaşmasında görür:
“Qadınların iş həyatında ən böyük problemi kişilərin onlara münasibətidir. Azərbaycan kişiləri qadınlara iş həyatında dəstək olmaq üçün hələ lazımi şəkildə formalaşmayıb. Azərbaycan kişiləri qadınlara iş yoldaşından savayı, romantik əhval-ruhiyyə ilə baxmağa meyillidir.
Bunun ən böyük səbəblərindən biri oğlan uşaqlarımızı balaca yaşlarından düzgün tərbiyə etməməyimizdir. Valideynlər oğlan uşaqlarına düzgün tərbiyə vermir. Biz çalışmalıyıq ki, oğlanlarımızda hələ uşaq və yeniyetmə yaşlarından qızlara qarşı böyük ehtiram hissi oyadaq. Azərbaycan kişisi qadına hər zaman müqəddəs kimi baxsın.
Oğlanların tərbiyə sistemində yeni bir baxışa ehtiyacımız var. Onlar qadınlara hörmət etməyi öyrənməlidir. Bu səbəblərə görə qadınlar bəzən işə düzəlmək istəyəndə probləmlərlə qarşılaşır. Bununla bağlı cəmiyyətimizdə ciddi problemlər var. Sosioloji baxımdan nəzər yetirdikdə, bu problemləri açıq şəkildə görünür. Əlbəttə bunu hər kəsə şamil etmək olmaz. Amma bir çox yerdə dediyim problemlər var. Ona görə də biz çalışmalıyıq ki, yeni nəsil oğlan uşaqlarımız bu tipli düşüncə ilə böyüməsin. Bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Qeyd etmək istəyirəm ki, sovet dönəmində bu sistem indikindən daha arzuolunan idi”.
Tanınmış vəkil Zibeydə Sadıqova siyasət, hüquq mühafizə orqanları, hərbi sistemdə qadınların iştirak sayı aşağı olduğunu bildirib:
“Qadınların işləyəcəyi konkret sahələr var - müəllimlik, həkim, təmizlik işləri və s. Lakin siyasət, hüquq mühafizə orqanları, hərbi sistemdə qadınların iştirak sayı aşağıdır. Həmin sahələrdə qadınlar işləyir, amma, işlədikləri şöbə dəftərxana, təmizlik, katibə və ya oxşar işlərdir. Problem ona görə yaranıb ki, bizdə qadınların siyasi həyatda iştirakı üçün heç vaxt imkan verilməyib. Çünki belə düşüncə var ki, qadındırsa, qızdırsa, onun yeri evdir və ya qadına yaraşan işlərdir. Siyasət və ya hüquq mühafizə işi kişi işidir. Hətta siyasətdə də qadınları görəndə ilk təsəvvür belə olur ki, qadının burda nə işi var. Deyə bilərsiniz ki, Milli Məclisdə qadınlar var, partiya rəhbəri kimi qadın var, prokuror qadın və polis qadın var. Onlar qadınların problemlərinin həll edilməsi və ya qadınların irəli çəkilməsi üçün heç bir rola malik deyillər. Qadınların iş həyatına atılması üçün dövlətin bir siyasəti, proqramı olmalıdır. Qadınlar, qız uşaqları motivasiya edilməlidir. Maarifləndirici proqramlar, layihələr olmalıdır. Hüquq mühafizə orqanlarında işləmələri üçün müəyyən şərtlər, güzəştlər tətbiq edilməlidir. Qadın problemlərini səsləndirəndə həll edilməlidir ki, görsün ki, onların səsi əhəmiyyət kəsb edir. Qadınların problemləri odur ki, təhsildən yayındırılırlar, erkən nikaha sövq edilirlər. Yüksək təhsil alanlar isə bir müddətdən sonra aldıqları təhsil üzrə işləmir və ya irəli çəkilmirlər”.
İqtisadçı Rəşad Həsənov qadın və kişi arasında əməkhaqqı fərqinə toxunub:
“Qadın və kişi əməkhaqqı arasında fərq bütün dünyada mövcuddur. Əməkhaqqı arasındakı fərqə bir neçə faktor təsir edir. İlk olaraq əmək bazarının strukturu buna təsir göstərir. Qadınlar nisbətən daha az əməktutumlu sahələrdə işləməyə meyil edir. Qadınların işləmək üçün seçdiyi sahələrin maaşı inkişaf səviyyəsinə uyğun olaraq formalaşır. Azərbaycanda qadınlar daha çox səhiyyə, sosial, təhsil sahəsində fəaliyyət göstərməyə üstünlük verirlər. Bu sahələrdə əməkhaqqı bir sıra digər sahələrlə - neft, tikinti, maliyyə və s ilə müqaisədə daha aşağıdır. Bu da ümumi nəticələrin aşağı olmasına gətirib çıxarır.
Son zamanlar ticarət sektoruna xüsusi ilə də gənc qadınların əməyindən daha çox istifadə olunur. Bu sahələrdə də əməkhaqqı aşağıdır. Ümumiyyətlə Azərbaycanda əmək məcəlləsi gender diskriminasiyasına imkan vermir. Dövlət sahəsində belə bir hall yoxdur. Eyni vəzifədə çalışan qadın və kişi eyni miqdarda əməkhaqqı alır. Amma dövlət sektorunu belə müqayisə etsək görərik ki, kişilərin maaşı daha yüksəkdir.
Bu məsələdə ənənələrin də təsiri az deyil. Çünki Azərbaycan əhalisinin böyük əksəriyyəti qadınların ailə büdcəsinə qatqısını ikinci planda olduğunu düşünür. Kişi ailənin əsas gəlir təminatçısı rolunu oynayır. Kişi və qadın iş yerini seçərkən bu məqamlara diqqət edirlər. Ənənəvi Azərbaycan ailəsində ailənin maliyyə yükü kişilərin üzərinə daha çox düşür. Kişi daha yüksək əməktutumlu iş yerlərində çalışmağa məcbur olur.
Uzun illər təhsil sektorunda əməkhaqqının az olmasına görə, bu sahədən kişilər uzaqlaşdı. Bu sektorda bu gün dominatlıq qadınlardadır.
Özəl sektorda sahibkarlar da müəyyən qədər diskriminativ mövqe ortaya qoyurlar. Bu da tələb və təklifdən asılıdır. Yüngül əməktutumlu sahələrə müraciət edən qadınların çox olması, burada rəqabəti artırır və sahibkar üçün daha aşağı qiymətə əməyə cəlb etmək imkanı yaradır. Bu kimi ümumi faktorlar fonunda statistik göstəricinin kişilərin qadınlara nisbətən daha yüksək maaş aldığını müşahidə etmiş oluruq. Amma zaman-zaman gender diskriminasiyası ilə mübarizə, qadınların daha yüksək gəlirli sahələrdə çalışması bu fərqin azalmasına təsir göstərir”.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, bu sahədə bilik və bacarıqların artırılması, cəlb olunan qadınların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2023-cü ildə ölkədə çox sayda layihələr, tədbirlər həyata keçirildiyini bildirib:
Sosial-iqtisadi sahədə gender fərqlərinin aradan qaldırılması ümumi inkişaf üçün vacib amildir. Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Əsas məqsəd qadınlarda özünə inam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır.
Dünya İqtisadi Forumunun Gender Fərqliliyi İndeksi (GFİ) və BMT-nin Gender Bərabərsizliyi İndeksiniin(GBİ) təhlillərinə əsasən Azərbaycan dünya üzrə iqtisadi fəallıq və imkanlar sahəsində 2017-ci illə müqayisədə 2022-ci ildə 45-ci yerdən 36-cı yerə yüksəlmişdir.
MDB məkanındakı dövlətlərlə müqayisədə Azərbaycan həmçinin “İqtisadi fəallıq və imkanlar” (4-cü yer) və “Sağlamlıq və ömrün uzunluğu” (6-cı yer) alt indeksləri üzrə mövqeyini qorumuş, “Təhsil” alt indeksi üzrə 9-cu yerdən 6-cı yerə yüksəlmişdir. Azərbaycan dünya üzrə 101-ci yerdə, MDB məkanında 10 ölkə arasında 8-ci yerdədir.
Peterson İnstitutunun məlumatına əsasən, qadın əməyini və biliyini istifadə edən şirkətlər əmək bazarındakı payın 45%-ni, yeni bazarlara çıxışın isə 70%-ni artıq əldə etməyə qadirdirlər. Rentabelli şirkətlər rəhbər vəzifələrdə qadın əməyini 30% artırmaqla təmiz gəlirin 15% yüksəlməsini təmin edirlər. Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulmasının, qadınların məşğulluq imkanlarının genişləndirilməsinin və daha yüksək əmək haqqı ödənilən sahələrdə çalışmasının təmin edilməsi məqsədilə bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər aparılır.
Qadınların əmək münasibətləri “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası qanununun 7-13-cü maddələri ilə tənzimlənir.
Belə ki, “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın və “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı”nın və onların tətbiqi qaydalarının təsdiq edilməsi və “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 172 nömrəli Qərarı qəbul edilmişdir. Qərarın təsdiqi ilə mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən edilir, eyni zamanda qadağan edilən bu peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir.
Bununla yanaşı, cinsi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 98-ci və 242-ci maddələrinə dəyişiklik edilmişdir. Bu dəyişikliyə əsasən hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir.
Eyni zamanda, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuş gününə təsadüf edən ərəfədə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi ilə bağlı dəyişiklikləri ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi hazırlanmışdır.
“Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına qoşulmaq barəsində” 2010-cu il 11 may tarixli 1003-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışının daxil edilməsinə dair layihə hazırlanmışdır.
Qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, bu sahədə bilik və bacarıqların artırılması, cəlb olunan qadınların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2023-cü ildə ölkədə çox sayda layihələr, tədbirlər həyata keçirilmişdir.
Qadın sahibkarlığının inkişafı əhali arasında yoxulluğun azaldılmasına, ailələrin rifah halının yüksəldilməsinə təsir göstərir.
01.01.2024-cü il vəziyyətinə statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan 1321835 (bir milyon üç yüz iyirmi bir min səkkiz yüz otuz beş) fərdi sahibkardan 1021414 (bir milyon iyirmi bir min dörd yüz on dörd) nəfəri (77%) kişi, 300421 (üç yüz min dörd yüz iyirmi bir) nəfəri (23%) qadın olmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü il üzrə özünüməşğulluq proqramı çərçivəsində 17362 nəfər özünüməşğulluq proqramına cəlb olunmuş, onlardan 5610 nəfərini qadınlar, 11752 nəfərini kişilər təşkil etmişdir.
2023-cü il ərzində 9518 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuşdur ki, onlardan da 5286 nəfərini qadınlar, 4232 nəfərini kişilər təşkil etmişdir.
Qadınların sosial müdafiəsini gücləndirmək, əmək bazarına çıxışını asanlaşdırmaq məqsədi ilə qeyd olunan dövr ərzində Agentlik tərəfindən “aşpaz”, “bərbər-vizajist-manikürçü", "qənnadçı, şirniyyatçı", "dərzi", ‘’dayə’’, “tikiş avadanlıqlarının operatoru, tikişçi”, ‘’İT mütəxəssis-Proqram Təminatçısı və İnkişafçısı’’, ‘’Xarici dil’’ (Alman dili peşələri üzrə hazırlıq kursları təşkil olunmuşdur.
2017-ci ilin oktyabr ayında qadın sahibkarlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasını yaradılmışdır.
Qadın sahibkarların işgüzar fəallığının artırılması, fəaliyyət istiqamətləri üzrə maliyyə ehtiyaclarının öyrənilməsi, güzəştli maliyyə resurslarına çıxışlarının dəstəklənməsi, yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, biznes fəaliyyətinin perspektivləri üzrə müvafiq maarifləndirmə işlərinin aparılması və qarşılıqlı dialoq əsasında işgüzar əlaqələrin qurulması məqsədi ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSIA) tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək Müqaviləsi Bildirişi” altsisteminin (ƏMBAS) məlumatına əsasən 2024‐cü ilin 1 fevral tarixinə muzdla çalışanlar arasında qadınların xüsusi çəkisi 44.1% olmuşdur. Qadınlarla bağlanmış əmək müqavilələrin sayı 805.4 min nəfər, o cümlədən dövlət sektorunda 507.3 min nəfər (63%), qeyri‐dövlət sektorunda isə 298.1 min nəfər (37%) təşkil etmişdir.
2023‑cü il ərzində əmək hüquq larının pozulması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş vətəndaş müra ciətlərinə baxılması, eyni zamanda dövlət orqanlarından daxil olan məlumatların araşdırılması zamanı işəgötürənlər tərəfindən 1776 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilmiş və törədilmiş inzibati xətalara görə inzibati qaydada cərimə tətbiq edilmişdir Bunlardan 436‐sı qadın, 1340‐ı isə kişilərin hüquqlarının pozulması üzrə olmuşdur.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən, Azərbaycanda sahibkar qadınların 25,4 %-i kənd təsərrüfatı, 21,5 %-i ticarət, 35,3 %-i isə xidmət sektorunda fəaliyyət göstərir.
2023‑cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında işsiz şəxs kimi 206411 nəfər qeydiyyata alınmışdır. Onlardan 90905 nəfərini qadınlar, 115 506 nəfərini isə kişilər təşkil etmişdir.
2023‐cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatında və tabeli qurumlarında işləyən 14163 işçinin 1548 nəfərini qadınlar təşkil etmişdir. Rəhbər vəzifədə çalışan kişilərin sayı 801, qadınların sayı isə 61‐dir
2023‐cü ildə Dövlət Təhlükəsizlik Xidmətində (DTX) qadınların hərbi xidmətə (işə) qəbulu, onların məsul vəzifələrə irəli çəkilməsi, zabit hərbi rütbələrinin artırılması tədbirləri davam etdirilmişdir. Həyata keçirilmiş fəaliyyətin nəticəsi olaraq hazırda DTX‐ da çalışanların 22 faizini qadınlar təşkil edir və onlardan 30 nəfəri rəhbər vəzifələri tutur
Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin 69,7 %‐i kişi, 30,3 %‐i qadınlardır. Onlardan rəhbər vəzifədə çalışanların 80%‐ni kişilər, 20 %‐ni qadınlar təşkil edir.
2023‐cü ildə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının ümumi işçi sayında qadınlar 17%, kişilər 83%‐dir. Rəhbər vəzifələrdə çalışan işçilərin 7,6%‐ni qadınlar təşkil etmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023‐cü il üzrə özünüməşğulluq proqramı çərçivəsində işsiz şəxslərin kiçik sahibkarlıq fəaliyyətinin formalaşdırmalarına dəstək istiqamətində də işlər görülmüşdür. 2023‑cü ildə ölkə üzrə 17362 nəfər özünüməşğulluq proqramına cəlb olunmuş, onlardan 5610 nəfərini qadınlar təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018‐ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”na əsasən Nazirlik tərəfindən 2023‐cü il ərzində 178 qadın fermerə 325 ədəd kənd təsərrüfatı texnikasının alışının, 20 qadın fermerə 243 baş damazlıq heyvanın alışının maliyyələşdirilməsi məqsədilə güzəştli vəsait ayrılmışdır.
Prezident İlham Əliyevin 22 iyul 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nda qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilmişdir.
Hüquqşünas Ruslan Vəliyev son olaraq əmək qanunvericiliyi məsələsinə toxunub. O, Əmək qanunvericiliyində qadın və kişinin bərabər hüquqlara malik olduğunu bildirib:
“Əmək qanunvericiliyində qadın və ya kişi hüquqları anlayışı yoxdur. Hər iki cins bərabər hüquqludur. Bəzi hallarda qadınlara üstünlük verilir (hamiləlik, hərbi xidmət v.s dövrlərdə) ki, buna hüquqda pozitiv ayrı-seçkilik deyilir. Bu beynəlxalq insan hüquqlarında da təsbit edilmişdir. Əksinə “Kişi və qadın bərabərlyinin təminatları haqqında” qanuna əsasən qadına və ya kişiyə ayrı-seçkilik qadağan edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 192 maddəsində əmək qanunvericiliyin pozulmasına görə inzibati tənbeh nəzərdə tutulmuşdur".
Qanunvericiliyə əsasən, əmək münasibətləri zamanı müəyyən kateqoriyalardan olan şəxslərə bəzi güzəşt və azadolmalar tətbiq edilir. Azərbaycan qanunvericiliyində qadınlara verilən müstəsna hüquqlara yönəldir.
1. Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti şamil edilmir.
2. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə(peşədə) çalışan qadınların attestasiyası keçirilmir.
3. Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların sertifikasiyası keçirilmir.
4. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
5. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.
6. Əmək məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
7. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, işçinin səhhəti və fiziolofi vəziyyəti (hamiləlik) müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
8. Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən , gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.
9. Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzumiyyət aşağıdakı müddətlərdə verilir:
- normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
- doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü;
- iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
10. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ var.
11. Əmək Məcəlləsinin 240-cı maddəsinə əsasən, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur.
İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın öz hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
12. Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən, hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.
13. Əmək Məcəlləsinin 242-ci maddəsinə əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.
14. Əmək Məcəlləsinin 243-cü maddəsinə əsasən, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır.
15. Əmək Məcəlləsinin 245-ci maddsənə əsasən, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həfləlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.
Qeyd: Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin statistik məlumatlarından istifadə edilmişdir.
Gülcahan Məmmədova