
Yol qəzası baş verdikdə sürücü DYP-yə məlumat verir. Daha sonra qəza baş verən əraziyə gələn inspektor dərhal hadisə yerinə baxış keçirir. İnzibati protokol tərtib olunur və ona hadisənin sxemi əlavə edilir. Vətəndaşdan izahat alınır. Amma daha sonra vətəndaş sığortadan ödəniş almaq üçün yenidən izahat yazmalı olur.
Bunun səbəbi nədir, ümumiyyətlə bu proses necə həyata keçirilir?
DİN-in Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev “Operativ Media”ya prosesin necə həyata keçirildiyi ilə bağlı məlumat verib:
“Yol nəqliyyat hadisəsi baş verdiyi təqdirdə ilk olaraq sürücü hadisə barədə DYP-yə məlumat verməlidir. Əgər hadisə baş veribsə və sürücü yalnız sığortaya məlumat veribsə, sığorta şirkəti öz növbəsində DYP-yə məlumat ötürməlidir. Bundan sonra DYP orqanlarında müvafiq araşdırma aparılaraq siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış (Forma 4) 10 gün ərzində sığorta şirkətinə təqdim edilir. “İcbari sığortalar haqqında" Qanunun 58-ci maddəsinə əsasən aşağıdakı hallar mövcud olduğu təqdirdə arayış (Forma 4) tələb olunmur:
1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
3. Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; (yəni yalnız maddi ziyan var);
4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.(burada söhbət sığorta təminatı verilən zərərdən gedir, təqsirkara dəyən zərər bura daxil deyil)
Ancaq istənilən yol nəqliyyat hadisəsi barədə DYP-yə mütləq məlumat verilməlidir və DYP orqanı da qanuna uyğun olaraq təqsirli sürücü barəsində inzibati tənbeh tətbiq edərək qərar çıxarmalıdır”.
Sığorta eksperti İlkin Nəcəfov vətəndaşdan ikinci dəfə istənilən sənədin izahat deyil, akt olduğunu bildirib:
“Bu, sadəcə vətəndaş üçün düşünülmüş addımdır. Baş vermiş hadisədən sonra sığorta olunmuş şəxsin vəziyyətinə uyğun iş açılır. Bundan sonra avtomobilə dəymiş ziyana uyğun olaraq, məbləğ müəyyənləşir. Vətəndaşdan ikinci dəfə istənilən sənəd izahat deyil. Bu, aktın imzalanmasıdır. Bu, sığorta sirkətinin vətəndaşa dəyən ziyana görə ödədiyi məbləğin sübutudur. Bu sənəd eyni zamanda zərərçəkmiş şəxsin bu məbləğdən razı olduğunu tədiqləyir. Sığorta şirkəti gələcəkdə problem yaranmaması üçün vətəndaş ilə akt imzalayır. Bu, izahat sayılmır. Əgər bu sənəd olmasa, vətəndaş ödəniş aldığı halda sığorta şirkətinə qarşı “sığorta şirkəti mənim pulumu ödəməyib və ya qismən ödəyib” kimi iddialar qaldıra bilər. Ona görə də bu mütləq şəkildə bu addım atılmalıdır. Bu həm Azərbaycan Respublikasının Mülki Məcəlləsində, həm də sığorta haqqında qanunda var”.
Hüquqşünas, sığorta eksperti İlkin İbrahimov bildirib ki, idarəyə dəvət olunaraq izahat vermək könüllüdür:
“Yol Nəqliyyat hadisələri ilə bağlı qərar vermək Dövlət Yol Polisinə məxsusdur. Bu məsələlərə bir başa Daxili İşlər Nazirliyi baxır. Əgər yol hadisəsi zamanı xəsatrət alan yoxdursa, bu məsələyə Dövlət Yol Polisi baxır. İzahat mütləq şəkildə yazılmalıdır. Polis bu izahatı hadisə yerində ala bilər. Vətəndaş izahatı yazılı formada DYP-yə göndərə bilər.
Adətən praktikada proses bu şəkildə baş verir. İnspektr hadisə yerinə gəlir, sənədləri götürür. Halbuki bu zaman sənədlər götürülməməlidir. İzahat vermək üçün hər iki tərəf yol polis idarəsinə dəvət edilir. Qərarın düzgün olması üçün hər iki tərəfin izahatı lazımdır. İnspektr hadisə yerindən fotolar çəkir, baxış keçirir, daha sonra qərar verir. Əgər hadisədə mübahisəli preqment olarsa, ekspertiza təyin olunur. Belə məsələlərdə dəvət olunaraq izahat vermək vəzifə deyil, hüquqdur. Yəni könüllüdür. Vətəndaş izahatı ya hadisə yerində, ya da idarəyə dəvət olunaraq yaza bilər. Eyni zamanda izahatı məktubla göndərə də bilər”.
Gülcahan Məmmədova