
Azərbaycan Respulikası qanunlarına əsasən vəfat etmiş ailə başçısının ailə üzvlərinin “ailə başçısını itirməyə görə əmək pensiyası” almaq hüququ vardır.
Bəs ailə başçısını itirməyə görə əmək pensiyası kimə verilir?
"Operativ Media" xəbər verir ki, vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladlarına, 18 yaşından yuxarı əlil olan övladlarına, 18 yaşına çatmış təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlarına (23 yaşına qədər) ailə başçısını itirməyə görə əmək pensiyası düşür.
Eyni zamanda ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxır və işləmirsə bu şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyası verilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası üçün hara müraciət etmək lazımdır?
Sosial Müdafiə fondunun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət edə bilər.
Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün hansı sənədlər tələb olunur?
Əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, vəfat etmiş şəxsin ailə tərkibi haqqında arayış, vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti, ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti tələb olunur.
Eyni zamanda ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayış, vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin, habelə atasının, anasının, arvadının, ərinin I və ya II dərəcə əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;
Ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışını istənilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası necə hesablanır?
Sığorta göstəricilərinə əsasən fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir.
Bu prosesi misal ilə izah etmək olar. 01.06.1977-ci il təvəllüdlü şəxs 01.02.2023-cü il tarixində vəfat edib. Onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan 2 nəfər ailə üzvü var. Mərhumun vəfat etdiyi tarixdəki yaşına (45 yaş) uyğun olaraq, ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il iş stajı tələb olunur.
Şəxsin 01.01.2006-cı il tarixinədək 7 il iş stajı var. Eyni zamanda bu tarixdən vəfat etdiyi tarixədək 11 il 4 ay sığorta stajı mövcuddur. Bu stajlara əsasənmərhumun fərdi hesabının sığorta hissəsində 24560 manat pensiya kapitalı qeydə alınıb.
Mərhumun 2006-cı il 1 yanvar tarixinədək 6 il iş stajına görə (hər il üçün 306 manat) 6481,44 manatla fərdi hesabının sığorta hissəsi və 2006-cı il 1 yanvar tarixindən 01.02.2023-cü il tarixinədək toplanmış 24560 manat pensiya kapitalının cəmi toplanır. Məbləğ (31041,44 manat) 86,40-a (yaşa görə kapitalın bölündüyü əmsal) bölünməsi ilə onun iki nəfər ailə üzvünə 2023-cü ilin 1 fevral tarixindən 359,28 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.
Bildirək ki, ailə başçısını itirməyə görə əmək pensiyası göstərilmiş şərtlərin mövcud olduğu müddət üzrə təyin edilir. Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.
Qeyd: bu məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən hazırlanmışdır.