Menyu

Rui Jorje: “Azərbaycan xalqı oyunlarımıza baxıb qürur hissi keçirsin”

Operativ Media
Rui Jorje: “Azərbaycan xalqı oyunlarımıza baxıb qürur hissi keçirsin”
1 dəq oxu
“Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.
Operativ Media xəbər verir ki, bunu 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje İraqın U-20 yığmasına qarşı keçirilən ikinci yoldaşlıq oyunundan sonra deyib.
Mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan və 2:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib:
“Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi. Çox gözəl stadionda oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik. Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər. Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk yoldaşlıq görüşü qolsuz heç-heçə ilə başa çatıb.

Əlaqəli Xəbərlər