Menyu

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

Operativ Media
Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar
1 dəq oxu

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Türkmənistan, Tacikistan və Qırğızıstanın turizm sənayesi nümayəndələri üçün Azərbaycana 15-20 noyabr tarixlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

Dövlət Turizm Agentliyindən Operativ Media-ya bildirilib ki, hər ölkədən 5 nəfər olmaqla, ümumilikdə 15 nümayəndənin qatıldığı səfərin məqsədi Azərbaycanın turizm potensialının tanıdılması, ölkənin turizm infrastrukturu, tarixi və mədəni irsi ilə tanışlıq, eləcə də Mərkəzi Asiya ölkələri ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi olub.

Bakı, Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən proqram üzrə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri, Qarabağın tarixi və mədəni irsi təqdim olunub. Bakıda Dənizkənarı Milli Park, Azərbaycan Milli Xalça Muzeyi, İçərişəhər və Heydər Əliyev Mərkəzi kimi əsas turizm məkanlarına səfərlər təşkil edilib.

İştirakçılar, həmçinin “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi çərçivəsində təşkil olunan turizm sərgisində iştirak ediblər.

Onlar sərgidə İƏT-ə üzv dövlətlərin turizm məhsulları ilə tanış olublar, tədbirin mədəniyyət və konsert proqramına qatılıblar.

Noyabrın 20-də Bakıda Mərkəzi Asiya ölkələrinin turizm sənayesi nümayəndələri ilə Azərbaycanın yerli turoperatorları və hotel nümayəndələri arasında B2B formatlı görüşlər keçirilib. Görüşlər zamanı yeni işgüzar əlaqələrin qurulması, qarşılıqlı təcrübə mübadiləsi, eləcə də turizm məhsulları və səyahət paketlərinin hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Tanışlıq səfəri ATB-nin Mərkəzi Asiya ölkələrinin turizm bazarlarında Azərbaycanın tanıdılması, xarici turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin genişləndirilməsi və ölkənin müxtəlif turizm məhsullarının təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin bir hissəsidir.

Fotogalereya

Əlaqəli Xəbərlər