AKAS-ın baş məşqçisi: "Qarabağ"ın qonaqpərvərliyi bizim üçün çox önəmlidir
“Güclü rəqiblərlə oyunlar öz imkanlarımızı obyektiv qiymətləndirməyə, inkişaf etməli olduğumuz istiqamətləri müəyyənləşdirməyə və əvəzolunmaz beynəlxalq təcrübə qazanmağa imkan verir”.
Bunu Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dovran Kendzaxunov Operativ Media-ya açıqlamasında deyib.
Mütəxəssis Bakıya səfərlərinin məqsədi, keçirdikləri yoldaşlıq görüşləri və “Qarabağ” klubunun qonaqpərvərliyi barədə danışıb.
“İlk növbədə, Bakıya səfərimizin əsas məqsədi təlim-məşq toplanışı keçirmək və güclü rəqiblərlə yoldaşlıq görüşləri keçirmək idi. U-19 komandamız Almatıda J League turnirinin qalibi adını vaxtından əvvəl təmin etdiyi üçün futbolçuların hazırkı hazırlıq səviyyəsini yoxlamaq, onların imkanlarını qiymətləndirmək və yüksək səviyyəli komandalarla rəqabətə nə dərəcədə hazır olduqlarını görmək bizim üçün vacib idi.
Toplanış çərçivəsində artıq iki yoldaşlıq görüşü keçirmişik. “Şəfa” komandasını 3:0, “Qarabağ”ın U-21 komandasını isə eyni hesabla məğlub etmişik. Noyabrın 23-də “Qarabağ”ın U-21 komandası ilə daha bir görüşümüz nəzərdə tutulub.
O, "Qarabağ" klubunun bazasında təcrübədə olduqlarını bildirib.
"Futbolla yanaşı, bu səfərdən peşəkar təcrübə mübadiləsi üçün də yararlanmağa çalışdıq. Məşqçi heyətimiz “Qarabağ”ın əsas komandasını ziyarət edərək məşq prosesilə tanış oldu, dostlarımız və həmkarlarımızla görüşdü. Həmçinin minnətdarlıq, hörmət və dostluğumuzun rəmzi olaraq kiçik xatirə hədiyyələri təqdim etdik.
“Qarabağ” klubunun bizi səmimi qarşılamasını və göstərdiyi qonaqpərvərliyi xüsusi qeyd etmək istərdim. Bu, bizim üçün çox dəyərlidir.
Ümumilikdə, təlim-məşq toplanışımız noyabrın 13-dən 23-dək davam edir. Sonuncu oyundan sonra, noyabrın 23-də komandamız Almatıya qayıdacaq”.
Kendzaxunov bu cür səfərlərin gənc futbolçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.