Deputat: Azərbaycan–Vyetnam əməkdaşlığı yeni iqtisadi perspektivlər açır
2025-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafı üçün mühüm siyasi və hüquqi çərçivə formalaşdırıb.
Bu sözləri Operativ Media-ya deputat Azay Quliyev deyib.
Deputat Prezident İlham Əliyevin Vyetnama səfərinin əhəmiyyətindən danışaraq bildirib:
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin hazırda davam edən səfərinin strateji tərəfdaşlıqdan irəli gələn bütün sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi, konkret mexanizmlərin müəyyənləşdirilməsi və fəaliyyət istiqamətlərini əhatə edən yol xəritəsinin razılaşdırılması baxımından uğurlu olacağına inanıram.
Əməkdaşlığın əsas istiqamətlərinə energetika, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və logistika, sənaye və investisiyalar, turizm və humanitar əlaqələr, müdafiə və təhlükəsizlik, eləcə də texnologiya və innovasiya sahələri daxildir.
Azərbaycan son illərdə qeyri-neft-qaz məhsullarının ixracında müsbət dinamikaya nail olub. Vyetnam kimi 100 milyondan çox əhalisi olan böyük bir bazara çıxış əldə edilməsi ölkəmizin ixrac imkanları baxımından geniş perspektivlər vəd edir. Bununla yanaşı, Vyetnam investisiyalarının Azərbaycana cəlb edilməsi və onların yuxarıda qeyd etdiyim sahələrə yönəldilməsi baxımından da cənab Prezidentin səfəri xüsusi rol oynayacaq.
Bu səfər, eyni zamanda, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəkdir.
Vyetnamla münasibətlərin inkişafına yalnız ikitərəfli əməkdaşlıq kontekstində yanaşmaq düzgün olmazdı. Bu ölkə Azərbaycanın Cənub-Şərqi Asiya regionuna daha geniş çıxışı, eləcə də həmin regionun iqtisadi və siyasi institutları ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm tərəfdaşdır.
Burada Vyetnamın iki mühüm beynəlxalq platformada – ASEAN (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası) və APEC-də (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) üzvlüyünü xüsusi qeyd etmək lazımdır.
APEC daha geniş iqtisadi platformadır. Lakin ASEAN bazarının imkanlarına ayrıca nəzər salsaq, görərik ki, bu qurum 11 ölkəni və təxminən 700 milyon insanı əhatə edir. Mövcud prosedurların və iqtisadi əməkdaşlıq mexanizmlərinin imkan verdiyi çərçivədə Vyetnam vasitəsilə bu bazara çıxış imkanlarının genişləndirilməsi Azərbaycan üçün böyük perspektivlər yarada bilər.
Təbii ki, bu bazarda möhkəmlənmək və rəqabət aparmaq üçün həmin ölkələrin tələbatına uyğun məhsul və xidmətlərin həcmini və keyfiyyətini artırmaq, yeni rəqabətqabiliyyətli məhsullar yaratmaq, həmçinin yerli tərəfdaşlarla səmərəli əməkdaşlıq qurmaq lazımdır.
Keçən həftə Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı da qeyd etdiyim fikri burada bir daha vurğulamaq istərdim. Cənab Prezidentin birbaşa rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verir və iqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə olunur. Bu baxımdan Vyetnam kimi etibarlı və dost ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bura beynəlxalq tranzit və logistika imkanlarını da əlavə etsək, bu əməkdaşlıqdan hər iki tərəfin ciddi fayda əldə edə biləcəyini görərik. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizindəki mövqeyi ilə Vyetnamın Cənub-Şərqi Asiyadakı iqtisadi və ticarət imkanlarının birləşdirilməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni perspektivlər açır.
Qarşılıqlı maraqların olduğu yerdə əməkdaşlığın genişlənməsi üçün də real zəmin yaranır”.