"Bu gün Azərbaycanda magistraturanı bitirən gənclər adi elmi məqalə belə yaza bilmirlər" - Ekspert
Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanı (I cəhd) keçirəcək. İmtahanda iştirak etmək üçün 21 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 057 nəfər Azərbaycan bölməsi, 1 869 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 14 017-si cari ilin, 7 909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.
Azərbaycanda magistratura imtahanı prosesində hansı dəyişikliklər edilməlidir?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Operativ Media-ya açıqlama verib.
O bildirib ki, 2005-ci ilə qədər ali təhsil müəssisələri özləri magistraturaya tələbə qəbulu həyata keçirirdilər: "Magistratura pilləsi ali ixtisaslaşmış səviyyə hesab olunur. 2016-cı ildən etibarən bu prosesdə yeni mərhələ başladı. Hazırda Azərbaycanda magistratura pilləsində keçirilən qəbul imtahanları bizə yaxşı magistr, gələcəyin tədqiqatçısını və elm adamını seçməyə imkan vermir.
Hazırda ölkəmizdə keçirilən magistratura imtahanlarda riyazi məntiq, C1 akademik səviyyədə xarici dil və informatika üzrə suallar tərtib edilir. Və təbii ki, bu fənlərin heç biri gələcəyin ixtisaslaşmış mütəxəssisini seçmək üçün düzgün addım deyil.
Təsəvvür edin ki, kimsə bakalavriat üzrə müəyyən bir ixtisası bitirib. Kimya, Riyaziyyat, İnformatika, Fizika kimi sahələrdə bakalavr pilləsində təhsil alıb. Onlar əlbəttə ki, bu imtahanlardan daha yaxşı nəticə əldə edəcəklər. Amma bakalavr humanitar və ya kənd təsərrüfatı sahəsindən məzun olan bakalavr üçün bu fənnlərdən imtahan vermək olduqca çətindir. Yəni biz yaxşı mütəxəssis seçə bilmirik".
Ekpsert bildirib ki, Dövlət İmtahan Mərkəzinin magistratura qəbul imtahanları üçün seçdiyi fənlər heç biri ali məktəblərdə tədris olunan fənlər deyil: "İmtahanların mahiyyəti odur ki, bakalavrın oxuduğu biliklər yoxlanılsın. Bu gün DİM-in magistraturaya keçirdiyi imtahanlar bakalavrları hazırlıq kurslarına yönəldir. Bu da ödənişlidir. Bu isə doğru yanaşma tərzi deyil. Biz gələcək üçün yaxşı alimi seçmək istəyiriksə bakalavrın ixtisas biliklərini yoxlamalıyıq".
Bugün humanitar ixtisas oxuyan bakalavr Magistraturada verdiyi məntiq və ya informatika imtahanlarını gələcəkdə hansı sahədə istifadə edəcək? O, gələcəkdə hansı tədqiqat işində bu fənlərdən istifadə edəcək? Ola bilər ki, bakalavr bu fənlərə hazırlaşıb imtahandan yüksək bal yığıb və istədiyi yerə daxil olsun. Amma o bu ixtisası bilirmi? Misal üçün deyim ki, mən də bir tarixçiyəm və bu imtahanı vermişəm. Amma riyazi məntiq mənim nəyimə lazım olub? Bu fənn onsuz da məktəblərdə və universitetlərdə tədris olunur. Tarixçi magistraturaya qəbul olmaq üçün tarix deyil, riyazi məntiqdən imtahan verir. Biz uşaqları və gəncləri lazımsız imtahanlara cəlb edirik.
Azərbaycanda hazırda magistratura üçün keçirilən imtahanları dünyanın heç bir ölkəsində görə bilməzsiniz. Üstəlik bu imtahanın qiyməti 50 manatdır. Magistraturaya qəbul zamanı yalnız ixtisas bilikləri yoxlanmalıdır. Magistraturaya qəbul zamanı verilən riyazı məntiq bir hüquqşünasa, tarixçiyə nəyə lazımdır? O elə riyaziyyatdan qaçdığı üçün humanitar sahəyə üz tutub".
K. Əsədov magistraturanın sadəcə bakalavriatın davamı olduğunu qeyd edib: "İşə qəbul zamanı magistraturanın heç bir önəmi yoxdur. Niyə? Çünki biz Ali təhsil haqqında qanunu qəbul etməmişik. Azərbaycanda magistraturanın xüsusi çəkisi olmalıdır. Magistratura nə elmi addır, nə də elmi dərəcə. Sadəcə təhsilin bir səviyyəsidir.
Hazırda təhsil sisteminin bir hissəsi olaraq magistraturanın adı var. Amma əmək bazarına uyğun olan kadr hazırlamır. Müasir tələblərə cavab vermir. Bu gün bizim magistraturanı bitirən gənclər elmi tədqiqat apara bilmirlər. Adi elmi məqalə yaza bilmirlər. Azərbaycanda magistratura səviyyəsində köklü islahatlar aparılmalıdır. Magistraturaya qəbul ixtisas və xarici dil üzrə olmalıdır. Bu gün Azərbaycanda magistratura hissəsi boş və mənasız təhsilin səviyyəsidir".