Baharın gəlişini müjdələyən çərşənbələr

Nərmin Qocamanlı
Baharın gəlişini müjdələyən çərşənbələr
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Çərşənbələr yazın gəlişindən xəbər verir və Novruz bayramını müjdələyir. Bu gün isə bizi yazı yaxınlaşdıran 2-ci çərşənbə yəni od çərşənbəsidir. Od çərşənbəsi "xəbərçi" çərşənbə, "üskü" çərşənbə və "addı" çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların odun qoruyucu, paklaşdırıcı gücünə olan inamından irəli gəlir. 

Bəs bayram kimi qeyd etdiyimiz bu çərşənbələrin tarixi kökləri haradan gəlir?

Mövzu ilə bağlı folklorşünas Atəş Əhmədli Operativ Media-ya danışıb.



O bildirib ki, çərşənbələr təbiətin canlanması ilə meydana gəlir: "Çərşənbələrin 4 yox 7 olması haqqında bir deyim var. Bu xalq təlqinidir. Bunun da birbaşa kökü təbiətdən gəlir. Min illər boyu xalqın təbiətin üzərində apardığı müşahidələr qış fəslini üç yerə bölür böyük çillə dekabrın sonundan daxil olur və fevralın 1-nə kimi 40 gün davam edir. Ondan sonra kiçik çillə daxil olur və onun ömrü 20 gündür. Çillə fevralın 20-si və ya 21-i çıxır. Bu ildə gördük ki, bu çillədən sonra havalar soyudu. Çillə çıxdıqdan sonra boz ay başlayır.

Çərşənbələr rəsmi olaraq su, od ,yel, torpaq olaraq dörd ünsürü əhatə edir. Məhz çərşənbələrin od, su, yel, torpaq olmasında əsas qayə dünyanın bu dörd maddədən yaranmasına görədir. Ateistlərdə bunu heç bir tanrı ilə əlaqəsi olmayan bir bayram kimi qeyd edirlər. Lakin islam dinində də təbiətin yaranması ilə bağlı məsələlər Quranda öz əksini tapıb".

Regionlarımızda çərşənbələrin xüsusiyyətləri

Atəş Əhmədli Azərbaycanın regionlarında qeyd olunan çərşənbələrin xüsusiyyətlərindən də danışıb:

"Çərşənbələrin bölgələrə görə sıralanması və adlandırılması Azərbaycan xalqının qədim ənənələrindən biridir və bu mövzu bir çox müxtəlif aspektlərə sahibdir. Hər bir çərşənbə özünəməxsus mənaya malikdir və ölkənin müxtəlif bölgələrində bu bayramların qeyd olunma formaları fərqlənir.

Xalq arasında çərşənbələrin adları zaman-zaman dəyişsə də ümumilikdə çərşənbələrin xüsusiyyətlərinə görə bir sıralama vardır. Çərşənbə adlandırılmasında ən çox qarşılaşılan terminlərdən biri "yalançı çərşənbə"dir. Bu termin Novruz bayramının yaxınlaşdığını xəbər verən ilk çərşənbəyə aiddir. O həm də "xəbərçi çərşənbə" adlandırılır. Çünki Novruzun başlamasına az qalmış gözlənilən anı ifadə edir. 

Su çərşənbəsi həmçinin "əzəl çərşənbəsi" adı ilə də tanınır. Bu ad suyun təmizləyici və bərpaedici gücünə eyni zamanda təbiətin həyat qaynağı olmasına işarə edir. Bu çərşənbə təbiətin yenilənməsini, həmçinin insanın özünün ruhi təmizlənməsini simvollaşdırır.

Od çərşənbəsinə Qarabağda "kül çərşənbəsi" də deyilir, çünki bu çərşənbədə tonqallar yandırılır, odun üzərindən atlanır və bu həm bədənin, həm də ruhun təmizlənməsinə yönəlik bir adətdir. 

Yel çərşənbəsi isə hava ilə külək və təbiətin gücü ilə əlaqəlidir. Yel çərşənbəsi xüsusilə havanın dəyişkənliyi və təbiətə təsiri ilə əlaqədardır. Çərşənbələrdə yel həm də insanın hərəkətə gəlməsini, təbiətin dəyişməsini simvolizə edir. Yel çərşənbəsi adətən təbiətdəki dəyişiklikləri hiss etməyə başladığımız, baharın yaxınlaşdığını əks etdirən bir dövr olur.

Eyni zamanda Azərbaycanda Novruzun qeyd olunması təkcə 4 çərşənbə ilə məhdudlaşmır. Məsələn Naxçıvanda od çərşənbəsi 4-cü sıradadır buna görə də bölgələrarası sıralama fərqlidir. Bu cür regional fərqlər yerli adət-ənənələrin qorunub saxlanması və həmin bölgənin xüsusi mədəniyyətinin özəlliklərini əks etdirir.

Çərşənbələrin sıralanmasında və adlandırılmasında yalnız regionlar arasında deyil, eyni zamanda bu çərşənbələrin mədəni, tarixi və dini önəmi də fərqlidir. Hər bir çərşənbənin özünə məxsus bayram ənənələri var. Bu ənənələr təkcə təbiətin və həyatın yenilənməsini simvolizə etmir eyni zamanda insanın öz içindəki dəyişiklikləri, mənəvi təmizlənməni və yenilənməni ifadə edir.

Bütün bu fərqlər Azərbaycan xalqının Novruz bayramına və çərşənbələrə verdiyi dərin mənanın bir parçasıdır. Bayramın qeyd olunması xalqın qədim inanclarını, təbiətə və həyatın dövri dəyişmələrinə olan hörmətini əks etdirir. Bu, həm də insanların bir araya gələrək birlikdə bayramı qeyd etməsinin, milli və mədəni birliyin vacibliyini nümayiş etdirən bir dövrdür.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, türkoloq alim Faiq Ələkbərli bildirib ki, çərşənbələr türk xalqlarının oda, suya, yelə və torpağa olan münasibətidir:



“Azərbaycan xalqının bu gün qeyd etdiyi çərşənbələr özünəməxsus şəkildə fərqlənir. Doğrudur bu bayram zaman-zaman Hind-Avropa mənşəli bəzi xalqlarla, farslarla qarışdığına görə Novruz bayramında onların təsiri də duyulur. Hətta ona görə bu bayramları müəyyən qədər qazaxlar, özbəklər, İraqda və vaxtilə Osmanlıda da qeyd edirdilər. Azərbaycan xalqı olaraq bu çərşənbələr özünəməxsusdur. Biz bu çərşənbələri ilahiləşdirmirik. 

Düzdür onlar bizim üçün müəyyən xarakter daşıyır: od, su, torpaq, yel – hər birinin müəyyən bir mənası var. Amma biz onları Allah səviyyəsinə qaldırmırıq. Sadəcə bunlar bizim üçün yaradanın nemətlərini təcəssüm etdirir. Buna görə də çərşənbələrlə bağlı öz hisslərimizi ifadə edirik. Tonqalın üzərindən atlarkən bütün ağırlığımızı orada qoyuruq. Bu bizim özünəməxsusluğumuzdur. Bu bizim və digər türk xalqlarının oda, torpağa, suya olan münasibətidir. Bizim bu ünsürlərə olan münasibətimiz Hind-Avropa xalqlarına nisbətən fərqlidir. Hələ də zərdüştlükdə odun ilahiləşdirilməsi, onu tanrı saymaq mövcuddur. Azərbaycanda isə belə bir şey yoxdur. Sadəcə bizdə od, ocaq mənasında müəyyən məcazi anlam daşıyır. Ailə – ocaq mənasında da işlədilir. Bu da ailəyə verilən dəyərdən irəli gəlir. Şübhəsiz ki, bu bayramın tarixi, türk xalqlarının keçmişi qədər qədimdir”.
 

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Novruz bayramını heç bir din və digər məsələlərlə uzlaşdırmaq olmaz:



“Türk obaları və türk tayfaları Novruz bayramını və çərşənbələri hər zaman yüksək səviyyədə qeyd ediblər. Azərbaycanda Novruz bayramı və çərşənbələr həmişə böyük coşqu ilə keçirilib. Bütün çərşənbələri öz adət-ənənəmizə uyğun olaraq qeyd etmişik. Ölkəmizin Novruz bayramı ilə bağlı müxtəlif adət və ənənələri mövcuddur və biz onları qoruyuruq. Sadəcə bəzi bölgələrimizdə papaq atmaq kimi adət olmayıb, onun yerinə müxtəlif torbalar atılırdı. Bundan əlavə xalq mahnıları oxunur, insanlar arasında döyüşlər keçirilir, çərşənbə axşamlarında tonqallar qalanır və xonçalar hazırlanır. Azərbaycanın şirniyyatları, o cümlədən şəkərbura, paxlava və digər ləziz təamlar hazırlanır. Süfrələrimizi bəzəyən plov bişirilir. Biz öz adət-ənənələrimizi daim qorumuşuq və bu istiqamətdə tədbirlər görürük. Biz xalq olaraq hər zaman əl tutan xalq olmuşuq və bu bayram da bizim xalqımızın bir-birinin əlindən tutmağı bacardığını göstərir. Mənim böyüdüyüm Tovuzda və digər ərazilərdə bu adət-ənənələr olduğu kimi davam edir. Paytaxtda isə evimizin qapısı döyülərsə, biz bu adət-ənənələri davam etdiririk. Ümumilikdə Novruz bayramı bizim milli bayramımızdır. Bu milli adət-ənənələri biz qorumaq və gələcək nəsilə ötürmək üçün əlimizdən gələni etməliyik. Novruz bayramını heç bir din və digər məsələlərlə uzlaşdırmaq olmaz. Bu, ölkəmizin milli və mənəvi ən əhəmiyyətli bayramlarından biridir".


Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti üzrə hazırlanıb.
 

Digər xəbərlər