"Real Madrid" 2026/27 mövsümü üçün ikinci forma dəstini təqdim edib
İspaniyanın "Real Madrid" futbol klubu 2026/27 mövsümündə səfər oyunlarında geyinəcəyi ikinci forma dəstini ictimaiyyətə nümayiş etdirib.
Operativ Media xəbər verir ki, bu barədə kral klubunun rəsmi bəyanatında bildirilib.
Yeni geyim dəsti tünd yaşıl rəngdə hazırlanıb və ağ elementlərlə tamamlanaraq keçmiş rəng çalarlarının müasir üslubda təqdimatını əks etdirir. Köynəyin üzərində klubun rekvizitlərini ehtiva edən incə həndəsi naxışlar yer alıb, yaxalıq hissəsi isə krem rəngli işləmələrlə zənginləşdirilib. Bundan əlavə, formada yüksək idman göstəriciləri ilə futbol mədəniyyətini birləşdirən "Adidas Trefoil" loqotipindən istifadə olunub.
La Liqada yeni mövsümə avqustun 15-də start veriləcək. Madrid təmsilçisi ilk matçını avqustun 22-də II tur çərçivəsində səfərdə "Espanyol"a qarşı keçirəcək.
Klub rəhbərliyinin xahişi ilə "Real Madrid"in I turda "Real Sosyedad"a qarşı nəzərdə tutulan oyunu isə təxirə salınıb. Avqustun 16-da tutulması planlaşdırılan həmin qarşılaşma avqustun 26-da baş tutacaq.