Qvardiola İtaliya millisinə rəhbərlik üçün illik 20 milyon avro istəyib
İspaniyalı mütəxəssis Xosep Qvardiola İtaliya Futbol Federasiyası (FIGC) ilə milli komandanın baş məşqçisi postuna təyinatı ilə bağlı apardığı danışıqlarda illik 20 milyon avro məvacib istəyib.
Operativ Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Qeyd olunub ki, qurum 55 yaşlı mütəxəssisə iddia etdiyi məbləğin yalnız yarısını təklif etmək imkanına malikdir. Bu məqam ispan baş məşqçinin İtaliya yığmasının sükanı arxasına keçmək ehtimalını azaldır.
Bununla yanaşı, "Sky Sports"un yaydığı xəbərə görə, milli komandanın baş məşqçisi postuna namizədlər arasında Andrea Pirlo və Roberto Mançini kimi təcrübəli mütəxəssislərin də adları yer alır.
Xatırladaq ki, Qvardiolanın 2016-cı ildən rəhbərlik etdiyi "Mançester Siti" klubu ilə müqavilə müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatıb. O, karerası ərzində "Barselona" və "Bavariya" komandalarının da baş məşqçisi olub.