Keçmiş məcburi köçkünlər qayıtdıqları evlərə mülkiyyət hüququ əldə edəcəklər
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır.
Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunda öz əksini tapıb.
Belə ki, yeni yaradılacaq fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.
Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Bundan başqa, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.
"Məcburi köçkünlərin sosial müdafiəsi haqqında" qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq.
Artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər.