Menyu

Şəxs verdiyi ifadədən sonradan imtina edə və ya onu dəyişə bilərmi?

Ayşən Sadıxzadə
Şəxs verdiyi ifadədən sonradan imtina edə və ya onu dəyişə bilərmi?

İctimaiyyətdə cinayət işlərində şəxslərin sonradan verdikləri ifadələri dəyişə bilməməsi ilə bağlı geniş yayılmış yanlış təsəvvürlər mövcuddur. Hüquqşünaslar bildirirlər ki, bu cür miflər bir çox hallarda cinayət işləri üzrə obyektiv həqiqətin müəyyənləşdirilməsinə mane olur.

Bu barədə Operativ Media-ya danışan vəkil Əminə İsmayılzadə bildirib ki, ən çox rast gəlinən yanlış fikirlərdən biri şəxsin bir dəfə ifadə verdikdən sonra onu dəyişə bilməməsi, digəri isə ifadə dəyişdirildikdə əvvəlki ifadənin hüquqi əhəmiyyətini tam itirməsi ilə bağlıdır.

Onun sözlərinə görə, hər iki yanaşma hüquqi baxımdan doğru deyil.

Vəkil izah edib ki, istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırması mərhələsində şəxs əvvəlki ifadəsindən fərqli mövqe bildirə bilər. Müasir cinayət mühakiməsinin əsas prinsipi ifadənin neçə dəfə dəyişdirilməsi deyil, hansı ifadənin həqiqətə uyğun olmasının müəyyən edilməsidir.

Ə. İsmayılzadə qeyd edib ki, beynəlxalq cinayət hüququnda və inkişaf etmiş hüquq sistemlərində məhkəmələr sübutların sayını deyil, onların etibarlılığını qiymətləndirir. Bu baxımdan əsas məsələ şəxsin ifadəsini niyə dəyişdirdiyidir.

Vəkilin sözlərinə görə, əgər ifadə fiziki və ya psixoloji təzyiq, müdafiə hüququnun pozulması, vəkil olmadan dindirilmə, protokollaşdırmada yol verilən səhvlər, tərcümə xətası, hadisənin sonradan daha dəqiq xatırlanması və ya yeni sübutların ortaya çıxması səbəbindən dəyişdirilibsə, bu hüquqi baxımdan əsaslandırılmış hesab oluna bilər.

Əksinə, ifadənin yalnız məsuliyyətdən yayınmaq və ya başqa şəxsi qorumaq məqsədilə dəyişdirilməsi onun etibarlılığına ciddi şübhə yaradır.

Ə. İsmayılzadə vurğulayıb ki, cinayət işi təkcə ifadələr əsasında deyil, sübutlar sistemi üzərində qurulur. Onun sözlərinə görə, peşəkar istintaq orqanı və məhkəmə ifadələri ekspert rəyləri, videogörüntülər, telefon və geolokasiya məlumatları, maddi sübutlar, digər şahidlərin ifadələri və hadisənin obyektiv mexanizmi ilə müqayisəli şəkildə qiymətləndirir.

“Əgər sonradan verilən ifadə digər sübutlarla ziddiyyət təşkil edirsə, məhkəmə ilk ifadəni daha etibarlı hesab edə bilər. Əksinə, ilk ifadənin qanunsuz üsulla alındığı sübuta yetirilərsə, sonrakı ifadə daha yüksək sübut dəyərinə malik ola bilər”, – deyə vəkil bildirib.

O əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində də ifadənin könüllü verilməsi, müdafiə hüququnun təmin olunması və bütövlükdə ədalətli məhkəmə araşdırması ifadənin sübut kimi qiymətləndirilməsində əsas meyarlardan hesab olunur.

Vəkil bildirib ki, cinayət prosesində “ifadəni geri götürmək” anlayışı hüquqi baxımdan mövcud deyil. Onun sözlərinə görə, şəxs sadəcə yeni ifadə verir və məhkəmə həm əvvəlki, həm də sonrakı ifadəni digər sübutlarla birlikdə qiymətləndirərək hansı ifadənin həqiqətə daha yaxın olduğunu müəyyən edir.

Ə. İsmayılzadə qeyd edib ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində ifadənin dəyişdirilməsi ayrıca norma kimi göstərilməsə də, bu, qanunvericiliyə zidd hesab edilmir. CPM-in 14.4, 20 və 21.3-cü maddələri, eləcə də Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsi təqsirləndirilən şəxsin cinayət təqibinin istənilən mərhələsində əvvəlki ifadəsindən fərqli ifadə verməsinə imkan yaradır.

Onun sözlərinə görə, Ali Məhkəmə də vurğulayır ki, təkcə təqsirləndirilən şəxs deyil, şahid və zərərçəkmiş də əvvəlki ifadəsindən fərqli ifadə verə bilər. Belə hallarda isə CPM-in 144-cü maddəsinə uyğun olaraq məhkəmə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hansı ifadənin həqiqətə uyğun olduğunu müəyyən edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər