WSJ: Tramp İranla müharibənin uzanmasından narahatdır
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bir neçə həftə ərzində başa çatacağını gözləsə də, Vaşinqton hazırda sonu görünməyən uzunmüddətli münaqişə ilə üz-üzə qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, Amerika lideri mövcud vəziyyətdən ciddi narahatlıq keçirir. Məsləhətçilərindən bəziləri ehtiyat edirlər ki, artıq qiymətlərin qalxmasına, reytinqlərin düşməsinə və 10-dan çox amerikalı hərbçinin ölümünə səbəb olan bu müharibə Trampın prezidentlik dövrünə mənfi təsir göstərir. Eyni zamanda, bu amil Respublikaçılar Partiyasının Konqresə keçiriləcək növbəti aralıq seçkilərindəki şanslarını daha da zəiflədir.
Məlumata görə, Tramp Tehranla diplomatik həll variantına inamını getdikcə itirir. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, ABŞ dövlət başçısı İrana qarşı "qisas rejiminə" keçib və qarşı tərəfin yalnız hərbi güc dilini anladığını düşünür. Bununla belə, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşner İranla razılaşmanın əldə olunmasını hələ də mümkün hesab edirlər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında tərəflər arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, iyulun 8-nə keçən gecə Vaşinqton Tehranı Hörmüz boğazı ilə bağlı şərtləri pozmaqda ittiham edərək zərbələri bərpa edib.