"Gənclik"də mikromobillik zolaqlarının təşkil edilməsi nəzərdə tutulur - EKSKLÜZİV
"Gənclik" metrostansiyası və eyniadlı ticarət mərkəzinin yaxınlığında velosiped və skuter zolaqlarının təşkili nəzərdə tutulur.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Operativ Media-nın sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, mikromobillik parklanma məntəqələri zolaqların olmadığı ərazilərdə də əsasən insanların sıx istifadə etdiyi məkanların yaxınlığında yaradılır. Eyni zamanda, qanunvericiliyə əsasən, xüsusi zolaq olmasa belə, yol nişanları və nişanlanma xətlərinin tələblərinə əməl etməklə mikromobillik vasitələri ilə yolun sağ hərəkət hissəsində hərəkət etmək mümkündür.
AYNA-nın məlumatına görə, uyğun küçə və prospektlərdə mikromobillik zolaqlarının mərhələli şəkildə təşkili istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, "Gənclik" metrostansiyası ətrafında piyada infrastrukturunun təkmilləşdirilməsi və parkla əlaqəliliyin artırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində mikromobillik zolaqlarının salınması da nəzərdə tutulur.