İran və Aİ arasında regional gərginlik müzakirə olunub
İranın xarici işlər naziri Abbas Əraqçı ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər müzakirə zamanı regional və beynəlxalq müstəvidə baş verən son hadisələri nəzərdən keçiriblər.
Telefon danışığı əsnasında İran XİN rəhbəri Avropa ölkələrinin regiondakı proseslərə münasibətdə məsuliyyətsiz mövqe nümayiş etdirdiyini bildirib. Nazir qeyd edib ki, işğala və soyqırımına verilən hərtərəfli dəstək, eləcə də ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünə adekvat reaksiya verilməməsi səbəbindən Avropa İttifaqı insan hüquqlarından bəhs etmək üçün mənəvi haqqını itirib.
Əraqçı həmçinin Xəzər dənizində İranın ticarət gəmisinə hücum edən Ukrayna tərəfinin bu addımını son dərəcə təhlükəli adlandırıb. Nazir Ukraynanı dəstəkləyən tərəf kimi Aİ nümayəndəsinin məsuliyyətini xatırladıb və bu cür təxribatların regional, eləcə də beynəlxalq sülh və təhlükəsizlik üçün gözlənilməz fəsadlar törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Öz növbəsində Kaya Kallas münaqişə zonalarının istənilən istiqamətdə genişlənməsindən narahatlığını ifadə edib. O, gərginliyin artmasının qarşısını almaq məqsədilə Avropa İttifaqı ilə İran arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.