İsrail ordusu Qəzzada HƏMAS-ın iki üzvünün məhv edildiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında təşkil edilən hava zərbələri nəticəsində HƏMAS hərəkatının silah istehsalı şöbəsinin rəhbərini və "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü məhv edib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzzanın şimal hissəsinə endirilən zərbə zamanı HƏMAS qərargahının silah istehsalı bölməsinin rəhbəri Fares Əl-Masri zərərsizləşdirilib. O, atəşkəs rejiminin şərtlərini pozaraq təşkilatın hərbi potensialının bərpası çərçivəsində silah istehsalı ilə məşğul olurmuş. Şimal zonasına təşkil edilən digər bir hücum nəticəsində isə hərəkatın "Nuxba" xüsusi təyinatlı qüvvələrinin mənsubu Məhəmməd Əbu Şakan öldürülüb.
Ordu rəsmilərinin sözlərinə görə, məhv edilən şəxslər son aylarda İsrail hərbçilərinə və mülki şəxslərinə qarşı hücum planlarının hazırlanmasında iştirak ediblər. Əməliyyatın təhlükəni aradan qaldırmaq məqsədilə həyata keçirildiyi, zərbələrdən öncə mülki əhaliyə dəyəcək ziyanı azaltmaq üçün müvafiq tədbirlərin görüldüyü qeyd olunub.